Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli Sərəncamı əsasında təsdiqlənmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (Strategiya) üzrə "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyd edilmişdir.
Bu sözləri Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilib və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb: "Nəzərinizə çatdırırıq ki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması və işlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.
Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir”.
"Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədə investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcək”, - deyə Mərkəzi Bankın baş direktoru qeyd edib.
Şərhlər