
Beynəlxalq Cüdo Federasiyası reytinq cədvəlini açıqlayıb.
Qaynarinfo.Az xəbər verir ki, kişilərdə bunadək 60 kq çəki dərəcəsində lider olan azərbaycanlı Orxan Səfərov 2 pillə geriləyib. O, 1772 xalla III pilləyə düşüb. Onu Qazaxıstandan Yeldos Smetov və Özbəkistandan Diyarbəy Urozboev keçib. Ancaq Urozboev də Orxanla eyni xala malikdir. Sadəcə şəxsi göstəricilərdə özbək idmançı daha üstündür.
66 kq-da Nicat Şıxəlizadə IX yerdə qalıb. Onun 1002 xalı var. 73 kq-da isə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov isə liderliyini qoruyub saxlayıb. Onunla II pillədəki Yaponiya cüdoçusu Soiti Hashimoto arasında təxminən 1000 xallıq fərq var.
84 kq çəki dərəcəsində Əbdülhaqq Rəsullu 64-cü yerə düşüb. 7 pillə geriləyən idmançımızın aktivində 268 xal var. 90 kqda Məmmədəli Mehdiyev XX yerdə qalıb (806 xal).
Rio Olimpiadasında daha bir gümüş medalçımız, 100 kq-da tatami üzərinə çıxan Elmar Qasımov liderliyini qoruyub saxlayıb. 26 yaşlı idmançımız 2490 xala malikdir. 100 kq-dan çox çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri 1 pillə irəliləyərək XVII sıraya qalxıb. Gürcü legionerimizin aktivində 872 xal var.
Qadınlarda isə nəticələr belədir:
-48 kq. Aişə Qurbanlı 40-cı yer (+2)
-52 kq. Səkinə Zayirova 164-cü yer
-57 kq. Kifayət Qasımova 209-cu yer (+1)
-63 kq. Xanım Hüseynova 100-cü yer (+2)
-70 kq. Validə Mirzəzadə 139-cu yer (+1)
-78 kq. Leyla İsgəndərli 108-ci yer
Qaynarinfo.Az