XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“OpenAI”də yüksək vəzifəli rəhbərlərin istefaları davam edir
Texnologiya00:56 27.08.2026

“OpenAI”də yüksək vəzifəli rəhbərlərin istefaları davam edir

“OpenAI”də ilin əvvəlindən bəri çox sayda yüksək vəzifəli rəhbər istefa verib. Ayrılmalar şirkətdə idarəetmə modelinin dəyişməsi və ilkin kütləvi təklifə (IPO) hazırlıq fonunda baş verir

“OpenAI” süni intellekt sahəsində qabaqcıl laboratoriyalardan biridir və onun son təqdim etdiyi GPT-5.6 modeli bazardakı ən güclü və səmərəli modellərdən biri hesab olunur. Şirkətin proqramlaşdırma və iş tapşırıqları üçün nəzərdə tutulan masaüstü tətbiqinin istifadəçi sayı son iki ayda təxminən 15 milyon artıb.

Qaynarinfo-nun TechCrunch-a istinadla verdiyi xəbərə görə, “OpenAI” artıq ilkin kütləvi təklifə çıxmaq üçün müvafiq sənədləri təqdim edib. Bununla belə, şirkətdə yüksək vəzifəli rəhbərlərin ayrılması davam edir.

İlin əvvəlindən bəri 10-dan çox rəhbər şirkətdən ayrılıb. Onların arasında baş direktor Sem Altmanın (Sam Altman) ən yaxın köməkçisi, əməliyyat direktoru, gəlirlər üzrə rəhbər, marketinq direktoru və bir neçə komanda rəhbəri var. Son olaraq şirkətin məlumat mərkəzləri üzrə rəhbəri Kris Malonenin (Chris Malone) ötən həftə vəzifəsindən ayrıldığı məlum olub. O, “OpenAI”yə 2024-cü ilin martında qoşulmuşdu.

Bəzi istefalar sağlamlıq səbəbləri ilə əlaqələndirilir. Digər ayrılmaların isə Altmanın yüksək xərc tələb edən əlavə layihələri ixtisar edərək gəlir gətirən istiqamətlərə diqqəti artırmaq istəyi ilə bağlı olduğu bildirilir.

Malonenin səbəbi açıqlanmayan ayrılması isə diqqət çəkir. “OpenAI”nin “Anthropic” və “SpaceX” kimi rəqibləri ilə müqayisədə əsas üstünlüklərindən biri hesablama infrastrukturuna böyük sərmayə yatırmasıdır. “OpenAI” “TechCrunch”a bildirib ki, Malonenin istefası infrastruktur komandasının yenidən təşkili ilə əlaqədardır. Bu komanda vitse-prezident Saçin Kattinin (Sachin Katti) rəhbərliyi altında fəaliyyət göstərir və prezident Qreq Brokmana (Greg Brockman) tabedir. Yüksək vəzifəli rəhbərin idarəetmə strukturunda daha aşağı pilləyə keçirilməsinin onun ayrılmasına səbəb ola biləcəyi ehtimal edilir.

Şirkət daxilində baş verən genişmiqyaslı dəyişikliklərlə bağlı “OpenAI” əlavə şərh verməkdən imtina edib. Bununla belə, Brokmanın şirkətdəki rəhbər mövqeyini yenidən gücləndirdiyi görünür. Həmtəsisçi və prezident olan Brokman “OpenAI”nin ilkin infrastrukturunun qurulmasında əsas rol oynayıb. Lakin 2019-cu ildə Altman baş direktor təyin edildikdən sonra onun idarəetmə səlahiyyətlərinin əhəmiyyətli hissəsi azaldılıb.

Karen Haonun (Karen Hao) “Empire of AI” kitabında yazdığına görə, Brokman sonrakı dövrdə şirkət daxilində ziddiyyətlərə səbəb olan rol oynayıb. Onun GPT-4 kimi layihələrə töhfələri əhəmiyyətli olsa da, müəllif Brokmanın daxili rəqabət mühiti yaratdığını və 2023-cü ildə idarə heyətinin Altmanı qısa müddətə baş direktor vəzifəsindən uzaqlaşdırması ilə nəticələnən hadisələrdə rol oynadığını bildirir. Brokman 2024-cü ildə qısa müddətə fasilə götürdükdən sonra şirkətə qayıdıb.

Hazırda infrastruktur və məhsul komandaları Brokmana tabedir. Şirkətin API və tətbiq məhsullarına rəhbərlik edən Tibo Sotiyö (Thibault Sottiaux) ötən həftə “TechCrunch”a bildirib: “Günün sonunda hər kəsin Qreqə hesabat verdiyini deməyi xoşlayıram”.

Şirkətin IPO-su ilə bağlı qeyri-müəyyənlik isə davam edir. İyun ayında “OpenAI” açıq şirkət statusuna keçidlə bağlı sənədləri təqdim etdiyini açıqlayıb. İctimai bazara çıxmaq şirkətə əlavə kapital cəlb etmək imkanı verəcək, lakin bu proses rəqib “Anthropic”in maliyyə göstəricilərini açıqlaması ilə eyni dövrə təsadüf edə bilər. Məlumata görə, “Anthropic” artıq mənfəətlə işləyir, “OpenAI” isə gəlirlərini artırmaqla yanaşı, itkilərinin də böyüməsi ilə üzləşir. “OpenAI”nin IPO-sunun 2027-ci ilədək baş tutması nəzərdə tutulur. Şirkətlər adətən müvafiq sənədləri təqdim etdikdən təxminən beş ay sonra birjaya çıxırlar, “SpaceX” isə bu prosesi iki aydan az müddətdə həyata keçirib.

Altmanın şirkətin son 12 ayda üzləşdiyi çətinliklər və daxili yenidənqurma ilə bağlı açıqlamaları “OpenAI”nin IPO zamanı yüksək qiymətləndirməyə nail olmaq, gəlirlərini artırmaq və əlavə xərcləri azaltmaq məqsədilə təşkilati strukturunda dəyişikliklər etməsi barədə məlumatlarla üst-üstə düşür.

Texnologiya startaplarında geniş yayılmış modellərdən birinə görə, təsisçilər məhsulu yaradır, daha sonra isə şirkətin böyüdülməsi və birjaya çıxarılması üçün təcrübəli rəhbərlər cəlb edilir. “OpenAI”nin daha əvvəl Fici Simo (Fidji Simo) və Kevin Veyl (Kevin Weil) kimi rəhbərləri işə götürməsi də bu yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər. Brokmanın təsirinin artması ilə oxşar dinamika yenidən müşahidə olunur. Əvvəllər “Stripe”da şirkətin genişlənməsi istiqamətində çalışan Brokman bazara çıxış fəaliyyətlərinə də rəhbərlik edib.

Çoxsaylı yüksək səviyyəli rəhbərlərin ayrılmasından sonra “OpenAI”nin yaranmış boşluqları doldurmaq üçün yeni rəhbərlərə ehtiyacı var. Şirkət eyni zamanda IPO-dan əvvəl gəlirlərini artırmalı və xərclərini azaltmalıdır. Bu proseslər fonunda Brokmanın şirkətdəki rolunun genişlənməsi xüsusi əhəmiyyət daşıyır.