Dünya 15:50 21.11.2023

"OpenAI"ın 700 işçisi rəhbərliyi hədələdi: Altman qayıtmasa, "Microsoft"a keçəcəklər

"OpenAI" işçilərinin böyük əksəriyyəti (770 nəfərdən 700-dən çoxu) hazırkı direktorlar şurası istefa verməsə və şirkətin həmtəsisçisi Sem Altmanı baş direktor vəzifəsinə qaytarmasa, rəhbərliyi istefa verməklə hədələyən məktub imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məktubu imzalayanlar rəhbərliyi "OpenAI"dən "Microsoft"a keçməklə hədələyiblər. Onlar bildirib ki, kifayət qədər səriştə, mühakimə və qayğıya malik olmayan rəhbərliyi qəbul edə bilməzlər.

WSJ-nin məlumatına görə, məktubu "OpenAI"nin İdarə Heyətinin üzvü İlya Sutskever də imzalayıb. Sutskever Altmanın istefasına səs verən 4 İdarə Heyəti üzvündən biridir.

Altmanın hazırda "Microsoft"la danışıqlar apardığı deyilir. 

"OpenAI" 2015-ci ildə Sam Altman və Qreq Brokman tərəfindən qurulmuş Amerika süni intellekt (AI) texnologiya şirkətidir. Şirkətin əsas məhsulu GPT dil modelidir, onun əsasında həftəlik auditoriyası 100 milyondan çox istifadəçi olan ChatGPT çatbot qurulub.

Aydın