Xəbər lenti

Orxan Məmmədov FİFA hakimliyindən çıxarılmasından danışdı: "Oyunlara beyni dumanlı çıxırdım"
İdman14:52 17.11.2016

Orxan Məmmədov FİFA hakimliyindən çıxarılmasından danışdı: "Oyunlara beyni dumanlı çıxırdım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik olub. 2 ildir ki, beynəlxalq dərəcəli hakim kimi oyunlara təyinat alan Orxan Məmmədovu bu dəfə Ömər Paşayev əvəzləyib.

Artıq bu məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirləri bəllidir. O, fanat.az-a açıqlamasında FİFA-ya Orxan Məmmədovun adının əvəzinə Ömər Paşayevinkinin göndərilməsini daxili çempionatda keçirilən oyunlara görə verilən qiymətlərlə əlaqələndirib. Xaqani Məmmədov bildirib ki, balları yüksək olduğu üçün Paşayev ilk dəfə FİFA referisi adına yüksəlib. 

Qaynarinfo.Az bu məsələ ilə bağlı Orxan Məmmədovun da fikirlərini öyrənib.

Məmmədov komitə sədrinin fikirlərini təsdiqləyib: "Bildiyiniz kimi, bu il mənim oğlumla bağlı problemlərim vardı. Onun müalicəsinə kifayət qədər çox pul lazım idi. Kim ki deyir ki, oyuna çıxanda şəxsi həyatındakı problemləri unutmalısan, səhv deyir. Həyatda elə şeylər var ki, insan nə qədər çalışsa da, bütün diqqətini oyuna kökləyə bilmir. Oyunlara beyni dumanlı çıxırdım. Nəticədə elə epizodlar olurdu ki, səhv qərarlar verməli olurdum. Bu da təbii ki, yekunda qiymətlənməyə təsir etməyə bilməzdi. Üstəlik, övladımı Moskvaya əməliyyata aparanda 1 ay orda oldum və 7-8 tur oyunlara təyinat ala bilmədim. Ona görə də Ömər Paşayevin FİFA referisi olmasını qanunauyğun sayıram. Hardasa belə olacağını gözləyirdim. Bunun üçün sosial şəbəkədə Öməri təbrik də etmişəm".

Orxan Məmmədov ruhdan düşmədiyini, artıq problemlərin arxada qaldığını və açıq rəqabətə girişəcəyini bildirib: "Şükür Allaha, artıq hər şey qaydasındadır. Qorxacağım heç nə yoxdur. Övladımla bağlı hər şeyə aydınlıq gəlib. Artıq 31 yaşım var. Məqsədim yenidən FİFA referisi adımı geri qaytarmaqdır. Bunun üçün yaxşı oyunlar idarə edib reytinqimi yüksəltməliyəm. Rəqabət aparıb nəinki 3-cü yerə, ilk 2 sıraya da düşmək olar. 2017-ci ildə əsas məqsədim budur".

Qaynarinfo.Az