
Şuranın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, məktubda A.Quliyevin O.Zeynalov həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla bağlı oktyabrın 24-də məhkəmə tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir.
Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tamlıqla aydınlıq gətiriləcəyini bildirib. Moskva şəhər prokurorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işi açmağa yetərli olmadığını da vurğulayıb.
Xatırladaq ki, Şura sədrinin Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, O.Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Şura bundan sonra da O.Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamaqda davam edəcək.
Qaynar.info