
AFFA-nın İcraiyyə Komitəsinin bir neçə gün öncə baş tutan iclasında yığmalarımızla bağlı yeni təyinatlar açıqlandı. Qərara əsasən, U-17-nin baş məşqçisi postuna Elxan Abdullayev təyin olundu. Ötən il U-19-u çalışdıran mütəxəssis indi 17 yaşlılardan ibarət millimizə uğur qazandırmağa çalışacaq. 17 yaşlılar arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkatma mərasimi baş tutub. Püşkün nəticələrinə əsasən, millimiz 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteynlə mübarizə aparacaq.
Həm püşkatmanın nəticələri, həm də U-17-nin
hazırlıq planı ilə əlaqədar Abdullayevin fikirlərini öyrəndik. Məşqçi Qaynarinfo-ya açıqlamasında bunları dedi:
"Hələ ki, plan yoxdur. Bilirsiniz ki, planı
ilin sonunda hazırlayırıq. Bütün millilərimizin rəqiblərinin müəyyənləşməsini gözləyirik. Koordinatorumuz Miloş Velebit gələndən sonra müzakirələr aparacağıq. Əslində
plan var. Amma kiçik nüanslara aydınlıq gəlməlidir. Məsələn, oyunların başlama
tarixi müəyyənləşməlidir. Təlim-məşq toplanışı üçün elə yer və zaman seçilməldir
ki, digərləri ilə üst-üstə düşməsin. Ona görə də indidən nəsə demək düzgün
deyil”.
Mütəxəssis artıq həmin yaşa uyğun futbolçuları
izlədiklərini də dedi:
"Əvvəl 2003 təvəllüdlü uşaqlarla məşğul
idim. İndi 2006 təvəllüdlülərlə işləyəcəyəm. İlin əvvəlində təlim-məşq toplanışı
və yoldaşlıq görüşləri təşkil etməyi planlaşdırıram. Seleksiya xarakterli
hazırlıq təşkil etmək istəyirəm ki, futbolçuları şəxsən izləyəm. Düzdür, Miloş
komandanı Dubaya təlim-məşq toplanışına aparmışdı. Orada keçirilən oyunları izlədim.
Yenə də hansı vəziyyətdə olduqlarını öyrənmək üçün çağırıb yoxlamaq istəyirəm”.
Avropa çempionatının ilkin seçmə mərhələsi
haqda danışan Abdullyev rəqibləri analiz edəcəklərini bildirdi:
"Bilirsiniz ki, beynəlxalq oyunlara ilk
olaraq U-17-lər başlayır. Daha aşağı yaş qruplarında isə rəsmi turnir deyil,
yoldaşlıq görüşləri olur. Rəqiblərimizin kimliyi haqda dünən bildik. Analiz etməyə
başlamışıq. Məlumatları toplamağa çalışırıq, görək kim harada, necə oynayır. Bütün
materialları toplayacağıq. Yəqin ki, tsikl başlayana qədər yoldaşlıq görüşləri
keçirəcəklər. Heç vaxt rəqibləri adına görə qiymətləndirmirəm, bu düzgün deyil.
Bilirsiniz ki, yaş qrupları çox fərqlidirlər. Məsələn, keçən il Lüksemburq qrupda
birinci oldu. Ad baxımından Belçika və Norveç daha güclü idi. Yəni, ad böyük
rol oynamır. Dünyada 4-5 yığma var ki, həmişə stabil oynayırlar və yüksək zirvələrdə
oturublar. Analiz etmək lazımdır, sonra sualınıza cavab verə bilərəm. Adına görə
hər biri güclüdür. Məsələn, Bosniya və Hersoqovina birinci səbətdən seçilibsə,
deməli, güclüdür. Eləcə də Ukrayna B səbətindən gəlibsə, deməli, bizdən
üstündür. İndidən nəsə demək peşəkarlıq baxımından düzgün olmaz. Hələ analiz
etməmişəm”.
"Taktika, oyun üslubu baxımından yeniliklər
gözlənilirmi” sualına baş məşqçi belə cavab verdi:
"Ümumi taktiki gedişlər, oyun prinsipləri
var. Bütün millilərimiz eyni sistemlə işləyir. Yeni nəsə yoxdur. Yenə də fərqlilik
ola bilər. Biz bilməiyik ki, yaş qrupunun üstün və ya zəif tərəfləri hansılardır. Müəyyən düzəlişlər mümkündür.
Ümumilikdə eyni sxemlə çalışırıq”.
Səbuhi Həsənov