
Mövsümə uğursuz başlayan "Keşlə” hazırda turnir cədvəlinin ən son pilləsində məskunlaşıb. Hələ ki, qələbə qazana bilməyən, keçirdiyi son 5 oyunda cəmi bir heç-heçəsi olan Sənan Qurbanovun komandasının durumu qənaətbəxş deyil. Elə Qurbanovun da durumunu normal saymaq olmaz. Adətən komandası belə vəziyyətə düşən baş məşqçinin üzərində təzyiqlər də çox olur. Bu mənada növbəti oyuna hazırlaşmaqda ciddi problemlər yaşana bilir. Bəs 6-cı turda "Sabah”ı qəbul edəcək "Keşlə” oyuna necə hazırlaşır? Ötən tur "Qarabağ”la oyunda da iki sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırılan və bir oyunluq cəzalandırılan baş məşqçinin həm özü, həm də komandası ilə bağlı planları necədir?
Qurbanov Qaynarinfo-ya müsahibəsində həm komandasının, həm də özünün hazırkı durumu ilə
bağlı sualları cavablandırıb:
- Sənan
bəy, "Sabah”la oyuna hazırlıqlar necə gedir?
- Futbolçulardan
Tural Axundov zədəlidir. Qalanları komanda ilə birlikdə məşq edir. Başda mən
olmaqla cəzalılarımız var. Abanq, Şəhriyar da cəzalandırılıb. Digərləri növbəti
matça hazırlaşır.
- "Qarabağ”la
matçda yaşananlardan sonra AFFA tərəfindən bir oyunluq cəzalandırıldınız. Yəqin
ki, belə qərar qəbul ediləcəyini bilirdiniz.
- Bilirəm,
sadəcə mənə görə həmin anda futbolçumuzun sarı vərəqə ilə cəzalandırılması düzgün
deyildi. Düzdür, başa düşürəm, gənc hakimdir. İkinci hissənin başlanğıcı idi, gənc
futbolçuya tez sarı vərəqə vermək... Bu qırmızı vərəqəyə qədər gedib çıxmaya bilərdi.
Sadəcə, buna reaksiyam sərt oldu. Bəlkə, cərimə zərbəsi verə bilərdi. Zənnimcə, heç orada cərimə də yox idi. Qərara sərt reaksiya verdim, çünki futbolçunun
qırmızı vərəqə alacağından qorxurdum. Elə qərar verilər ki, heç nə deyə bilməzsən.
Həmin vaxt futbolçu rəqibə deyil, topa müdaxilə etmişdi. Lakin buna görə sarı vərəqə
göstərildi, etirazımı bildirdim.
-
Ümumiyyətlə, çox emosional davranırdınız. Yəqin ki, bu, qələbə istəyinizdən irəli
gəlirdi.
- Elədir,
zatən futbol emosional oyundur. Emosiyalarımızı həm gizlətməli, həm də üzə
çıxarmalıyıq. Həmin anda məğlub olmaq istəmirdik. Ən əsası odur ki, futbolçular
tapşırığı yerinə yetirirdi, düzgün müdafiə olunurduq. İstəmirdim ki, balaca səhv
ucbatından xal itirək və ya məğlub olaq. Emosionallığım bununla bağlı idi. Oyun
da gərgin keçdi. "Qarabağ” kimi rəqibə bir az boşluq versən, dərhal cəzalandırarlar.
Həmişə məğlub olmamaq istəyirik. Bütün oyunlar gərgin keçir. Bu dəfə daha çox gərginlik
vardı.
- "Qarabağ”la
oyun üçün xüsusi hazırlıq görmüşdünüz?
-
Bilirdik ki, rəqib "Qarabağ”dır. Digərlərindən fərqli olaraq, usta futbolçuları
çoxdur. Hamısını izləmişdik. Bu komanda ilə oynamaq bir testdir. Çünki Avropa səviyyəli
rəqibə qarşı oynayırsan. Vacib oyun idi.
- Belə
uğursuz başlanğıc sizin üçün nə dərəcədə gözlənilən idi?
- Yeni
komanda quranda inanmağa çalışırsan ki, hər şey yaxşı, öz qaydasında olacaq. Bəzən
yeni futbolçular əməlli-başlı zaman alır. Mövsümün əvvəlində başqa bir futbol
fikirləşirsən. Oynatdığın futboldan əl çəkmək istəməsən də, bəzən uğursuzluqlar
gəlib səni tapır. Yeni komanda quranda bunu da ehtimal etmişdim ki, belə
uğursuzluq ola bilər. Ancaq bu dərəcədə gözləmirdim. Sadəcə, bir-birimizi başa
düşmək çox zaman aldı. Çempionatımız da asan deyil. Yeni gələnlər də qısa zaman
kəsiyində buna alışmalıdırlar. Belə vəziyyətdə çox çətinliklərlə qarşılaşırsan.
Məsələn, avrokuboklarda oynadıq. Yeni komanda quranda bəzən yaxşı alına,
futbolçular keyfiyyətlərini dərhal ortaya qoya bilər. İstək, aqressiya
olmayanda isə başqa problemlər yaranır.
-
Hazırda komandada hansı problemlər özünü qabarıq şəkildə göstərir? Artıq 5 tur
keçib, düşündüyünüz futbolu kollektivə tam mənimsədə bilmisiniz?
- Hər
şeyi mətbuata demək olmur. Beynimdəki futbolu mövsmün əvvəlindən komandaya tətbiq
etmək istəyirdim. Elementar nümunə göstərim, öndə pressinq etməyi xoşlayıram.
Belədə atletik futbolçulara ehtiyac olur. Hazırda B planı üzərində dayanmışam.
Çünki nə fikirləşmişdimsə, alınmadı. B planı taktiki işlərlə bağlıdı. Sxem dəyişikliyi
var. Məşqdə bəzi şeyləri dəyişdik. Artıq futbolçulara yanaşma tərzimiz fərqlidir.
Üstün cəhətləri nədirsə, onlardan istifadə etməliyəm. İnanıram ki, futbolçular
verilən tapşırığı yerinə yetirəcək. İstədiyimiz futbol başqa idi, hazırda bunu
görmürük. Hər istədiyin alınmır.
-
Futbolçu seçimində yanıldığınızı düşünmürsünüz ki?
- Büdcəmizə
uyğun transferlər etmişik. Bizi avrokubok oyunları da bir balaca tələsdirdi.
Çox futbolçumuz getdi. Qısa zamanda transfer etməli idik. Futbolçuların istirahət
dönəmi idi. Təklif göndərəndə, bir və ya iki aydan sonra gələcəklərini deyirdilər.
Çünki daha yaxşı təkliflər gözləyirlər. Tələskənlik yaşadıq, amma deməzdim, tam
uğursuz alındı. Hər komadanın heç də bütün transferləri uğurlu olmur. Dörd
transfer həyata keçirmişik, haradasa birində səhv edə bilərik. Digərlərinə inancımız
sonsuzdur. Bəlkə də böyük əməkhaqqı almırıq. Amma aldığımız məvacibin haqqını
vermək üçün dəridən-qabıqdan çıxırıq.
-
Ucuz futbolçuları Azərbaycana gətirməkdənsə yerlilərə üstünlük vermək daha
yaxşı olmazmı?
-
Əslində, çox yaxşı fikirdir. Çempionatın səviyyəsinin qalxması, sürətin daha da yaxşı olması üçün
100 faiz səviyyəli legionerlərə ehtiyacımız var. Əlbəttə, bir futbolçunun yaxşı
texnikası, sürəti varsa, çox pul tələb edəcək. Çünki daha yaxşı təkliflər olsa,
başqa ölkələrin çempionatını seçəcək. Biz isə onu pulla cəlb etməliyik. 8
komandamız olsa da, bununla bağlı sıxıntılarımız var. Razıyam, legioner gəlib ehtiyatda
oturacaqsa və komandaya fayda verməyəcəksə, ona ehtiyac yoxdur. Ondansa gənc
futbolçudan istifadə edərəm. Transfer edəndə çalışırıq ki, gənc olsun. Az məvacib
alsa da, ümid edirsən ki, gələcəkdə potensialını ortaya qoyacaq. Amma bu, hər
zaman özünü doğrultmur. Yaxşı olar ki, çox eksperiment aparmayasan, oynayan
futbolçunu transfer edəsən. Hazırda yerlilərə çox şans veririk. Həm Turan, həm
Elçin oynayır. 2002-ci il təvəllüdlü Samir Omar Qudiabidən daha yaxşı göründüyü
üçün ona şans verirəm. Yerli və ya əcnəbi futbolçu olsun, verilən şansdan
yararlanmalıdır. "Legioner oynamasın, mən meydana çıxım” fikrini sözdə deyil, əməldə
həyata keçirmək lazımdır. Belə olsa, zamanla öz futbolçularımızın inkişaf
etdiyini əsas gətirə və legioneri uzaqlaşdıra bilərik.
-
Sadio Tonkuranı məcburiyyətdən qaytardınız?
-
Yeni transferlərin uyğunlaşma prosesi əməlli-başlı zaman alır. Ona təklif göndərəndə
əvvəl pul məsələsində razılaşmadı. Sonda dediyimiz maaşa razı oldu. 3-4 ay idi
komanda tapa bilmirdi. "Keşlə”də oynayıb deyə təklif etmişdik. Çünki bizi
tanıyır, onunla işləmişik. Bu dönəmdə bizi tanıyan futbolçuya ehtiyacımız var
idi. Ona görə də geri qaytardıq.
-
Onun fiziki durumu nə yerdədir?
-
Özünə baxan futbolçudur. İstər-istəməz 4 ay futboldan uzaqsansa... Görünən odur
ki, əvvəlki Sadio deyil. Getdikcə daha yaxşı olmalıdır. Əvəzedici heyətdə
oynatdıq, məşqlərə qoşuldu. "Qarabağ”a qarşı 60 dəqiqə oynadı. Ən azı
tapşırıqları bilir. Məşqçi də futbolçunun tapşırıqları yerinə yetirdiyini görəndə
rahatlaşır. Belə futbolçuların sayı çox olanda, istədiyin nəticəni də əldə
edirsən. Sadio verilən tapşırıqlara çox diqqətlə qulaq asır, yerinə yetirir. Həm
də təcrübəsi var. Uzun illər çempionatımızda oynayıb, mentalitetimizi bilir.
Futbolu bilən adamla işləmək rahatdır.
- "Keşlə”nin
turnir cədvəlindəki vəziyyəti futbolçular üzərində təzyiq yaradıb?
-
Sonuncusansa, istər-istəməz neqativlik çox olur. Futbolçulara başa salmaq isəyirik
ki, autsayderliyi qəbul etməmək, hər zaman mübarizə aparmaq lazımdır. Onları işə,
oyuna kökləməyə çalışırıq ki, keçmişdə olanları unutsunlar. Əlbəttə, birinci və
sonuncu yerdə gedən komandaların vəziyyəti eyni ola bilməz. İşimiz futboldur.
Toplantılarda videotəkrarlara baxıb durumumuzu analiz edirik. Hansı səhvlər
olduğunu normal şəkildə futbolçulara çatdırmağa çalışırıq. Futbol saysız-hesabsız
insanların sevdiyi oyundur. Nəinki fubol, insan hər peşəni sevməlidir. İstər
yaxşı, istərsə də çətin vaxt olsun. Hər işi sevə-sevə görməyi onlara başa
salmağa çalışıram. Çünki zaman itiririk. Bu gün alınmaya bilər, amma sabah
olacaq. Onlara keçən ili xatırlatmağa çalışıram. Nə qədər çətinliklərimiz oldu,
amma inandıq. Bunun mükafatı olur sonda. Çətinliklərdən ibrət götümək lazımdır.
Sən çalış, alınmasa, peşman olmayacaqsan, çünki biləcəksən ki, bacardığını etmisən.
Bəli, düşdüyümüz duruma görə təzyiq var. Amma bu bizim üçün maraqlı olmalıdır.
Çünki yaxşı vaxtlarda bu günləri xatırlayacaqsan.
- Belə
davamiyyət avrokuboklara vəsiqə qazanmağa nə dərəcədə ümid verir?
-
Çempionatda hər şey o qədər tez dəyişir ki... Çox pis başlamışıq. Yaxşı
kollektiv yaratmağı, bacardığımız qədər irəli getməyi qarşımıza məqsəd qoymuşuq.
Hazırda çox geri qalmışıq. 4 məğlubiyyət, bir heç-heçəmiz var. Çempionatın əvvəlidir.
Bir neçə dəfə heç-heçə oynasaq, qələbə qazansaq, artıq mübarizəyə qoşulduğumuzu
görəcəyik. Hələ ilk dövrənin bitməsinə iki oyun, mövsümün yekunlaşmasına isə 3
dövrə var. Gecikmək olmaz. Yetəri qədər xal itirdik. Tez inkişaf etməliyik.
Zaman tez keçir və bundan düzgün istifadə etməliyik. Düzgün addımlar atmalıyıq.
Təkcə istəmək azdır.
- Adətən
komanda turnir cədvəlinin sonunda olanda, ardıcıl məğlubiyyətlər yaşananda baş
məşqçi gündəmə gəlir. Rəhbərliklə görüşmüsünüzmü?
- Məşqçi
olanda, uğurlu tərəfi ilə yanaşı, uğursuzluqları da fikirləşirsən. Bu, normal
haldır. Məğlub olursansa, sabah söz-söhbət yaranacaq. Açığı, bunu gözləyirdim.
Sağ olsun rəhbərlik, dəstək verir, işə yanaşmamı görürlər, qiymətləndirirlər. Zamanla
hər şey ola bilər. Baxın görün Avropada necə məşqçilərdə alınmayıb. Bu futboldur.
Özümü heç kimlə müqayisə etmirəm, demək olar, məşqçi kimi ilk addımlarımı atıram.
Məsələn, Ronald Kuman pis məşqçi deyil. Amma "Barselona”da alınmır. Hər halda
görünən belədir. Bu hadisələr olur, yaşayırıq, görürük. Mən hər şeyə hazıram.
- Rəhbərlik
mövsümün sonuna qədər sizə dəstək olacağını bildirib?
-
Xeyr, heç nə deməyiblər. Sadəcə, bildiriblər ki, işimi davam etdirim. Nə
olacaqsa, danışıb müzakirə edəcəyik. Hazırda oyunları, məşqləri, tutulan
proqramı müzakirə edirik ki, vəziyyətdən çıxaq. Sabah məşqimiz var. Hər şey ola
bilər. Futbolçuların durumu haqda həkimlərlə danışacağıq. Həftəboyu beynində nəsə
planlar düşünə bilərsən. Amma bəzən görürsən ki, oyuna az qalmış hansısa
futbolçunun ağrısı olur. Nələr baş verəcəyini indidən heç kim deyə bilməz. Müəyyən
fikirlərim var, necə olacağını zaman göstərəcək.
Səbuhi Həsənov