
Rumıniya çempionatının ilk "6-lıq"dakı son turunun Buxarestdə keçirilən matçında bədbəxt hadisə baş verib.
Qaynarinfo.az xəbər verir ki, "Dinamo" - "Viitorul" matçında meydan sahiblərinin kamerunlu futbolçusu Patrik Ekenq oyunun 70-ci dəqiqəsində özündən gedib.
Halbuki 26 yaşlı dayaq yarımmüdafiəçisi oyuna 7 dəqiqə əvvəl daxil olubmuş. Matç dayandırılıb və 3 dəqiqə ərzində "Dinamo"nun tibbi heyəti ona meydançada kömək etməyə çalışıblar. Lakin bu, faydasız olub. Futbolçu bundan sonra dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rumıniyada isə Ekenqin ölməsinə səbəb kimi ona 3 dəqiqə gec tibbi yardım edilməsi və ambulans maşınında lazımi təchizatın olmaması göstərilib. Yerli mətbuat həmçinin dərhal oyunu saxlamamasına görə matçın baş hakimi, eyni zamanda ixtisasca həkim olan Florin Markunu günahlandırıb. Marku Ekenq ambulansla aparıldıqdan sonra matçı davam etdirib və "Qalatasaray"ın əfsanəvi futbolçusu Georgi Hacinin sahibi olduğu "Viitorul" qalan dəqiqələrdə 1 qol vuraraq səfərdən 3:3 hesablı nəticə ilə qayıtmağa nail olub.

Ekenqin aparıldığı xəstəxananın baş həkimi, xirurq Şerban Brediştyanu isə açıqlamasında bunları söyləyib: "Patrik Ekenq xəstəxanaya gətirildiyində ürəyi dayanmışdı. Onu qurtarmaq üçün əlimizdən gələn hər şeyi etdik. Ancaq Ekenq müdaxiləmizə cavab vermədi. Futbol meydançasında ilk dəfə ölüm olmur. Daha çox şey edə bilmədiyimiz üçün çox məyusam. Ancaq xəstəxanaya gətirilənədək ona hər hansı ürək masajı edilməmişdi. Normalda bu ən çox 4-5 dəqiqə ərzində edilməlidir. Ürək dayanmasından sonra müəyyən bir vaxt limiti var. Bizə gətiriləndə yenidən ürəyini çalışdırmağımız mümkün deyildi. Üstəlik, Petrik Ekenqin beyin ölümü də olmuşdu".

Mərhumun komandada ən yaxın dostu olan Afrika mənşəli fransalı oyunçusu Arlem Qnoere isə bunları deyib: "Yaxşı bir dost, çox yaxşı insan idi. Qardaşımın aramızdan getməsi mənim üçün çox üzücü oldu". 28 yaşlı hücumçu o anları belə təsəvvür edib: "Düz qabağımda durmuşdu. Həmin andan sonra heç kimin oynamağa gücü qalmamışdı. Hakimin oyunu saxlaması lazım idi. Futbolçuların hamısı şokdaydı. Ümid edirəm ki, çempionatın qalan matçları təxirə salınar (turun son 5 oyunu hələ qalıb - red.). Bütün Rumıniya futbolunun Afrikada olduğu kimi oyanması lazımdır".

Qeyd edək ki, Rumıniya Futbol Federasiyası Patrik Ekenqin ölümü ilə bağlı aşağı yaş qrupları da daxil olmaqla, ölkədəki bütün futbol matçlarını təxirə salıb.
Onu da bildirək ki, "Dinamo" klubunu 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ı çalışdırmış və bu komandaya Azərbaycan kubokunu qazandırmış Mirça Rednik çalışdırır. Mərhum isə bu komandaya qışda hazırda millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Kordova" klubundan gəlmişdi.
Qaynarinfo.az