"Dövlət Statistika Komitəsi, icra qurumları özlərinə irad tutulmasın deyə, həmişə problemləri gizlətməyə çalışırlar".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin deputatı Vahid Əhmədovun "İşsizlərin sayı ilə bağlı prezidentə yalan məlumat verilib” fikrinə münasibətində deyib. Ekspert bu məsələdə Dövlət Statistika Komitəsini ittiham edib:
"Əslində statistika Azərbaycanda tarixən siyasiləşib. Siyasi məsələlərdə statistik rəqəmlər daha önə çıxıb. Statistika hökümətin siyasətinə uyğun olaraq açıqlanır. Statistikanı açıqlayan orqanlar, o cümlədən də Dövlət Statistika Komitəsi, icra qurumları özlərinə irad tutulmasın deyə, həmişə problemləri gizlətməyə çalışırlar. Bu gün pandemiya ilə mübarizədə statistika bir daha önə çıxdı. Yəni, doğru-düzgün rəqəm olmayanda normal qayadaların və müəyyən paketlərin qəbul olunması kifayət qədər zəifləyir, eyni zamanda gecikir. Çünki rəsmi rəqəmlər olmadığı üçün iqtisadiyyatın hansı sahəsində daha çox problemlərin olması bilinmir. Ən azı rəqəmsal olaraq bilinmir. Düşünürəm ki, həm ucuzlaşan neft qiymətləri, həm də pandemiyadan doğan iqtisadi çətinliklər fonunda müəyyən dərslər çıxarılmalıdır".
Natiq Cəfərlinin fikrincə, Dövlət Statistika Komitəsi tamamilə yenidən qurulmalıdır:
"Sovet dönəmində deyirdilər ki, bir böyük yalan, bir də statistika var. Statistika daha böyük yalandır. İndi o yalanı kənara qoymaq lazımdır. Statistika döğru olanı açıqlamalıdır ki, prezident vəziyyətdən daha yaxşı xəbərdar olsun. Bu da qərarların verilməsinin effektivliyini artıracaq. Ona görə ölkədə statistika siyasəti dəyişdirilməlidir".
Qeyd edək ki, Milli Məclisin deputatı Vahid Əhmədov mətbuata açıqlamasında işsizlərin sayı ilə əlaqədar Prezidentə yalan məlumat verildiyini deyib.
Bahar Rüstəmli