“İrana müalicə almaq üçün getmişdim. Bədənimdə səpgilər var. Bu da məni narahat edir. Bir çoxlarının da bundan xəbəri var. Burada bir neçə xəstəxanaya müraciət etsəm də, əlac olmadı”.
Bunu Qaynar.info-ya Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov İran səfərindən danışarkən deyib. E.Manafov bildirib ki, İrana Novruz bayramından əvvəl gedib: “Analizlər verdim. Verdiyim analizlərin nəticəsi bayram günlərinə təsadüf etdiyindən Azərbaycana qayıtdım. Növbəti dəfə İrana getməyin bununla bağlı idi. Hazırda müalicə alıram. Yəni səfərimdə hər hansı siyasi danışıqlar olmayıb”.
E.Manafov partiyanın İrandan sifariş alması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Mənim dini rəhbərim ordadır. Əslində, azərbaycanlıyam, nəsil-köküm də məlumdur. Heç vaxt İrandan sifariş almamışam. Bunu özümə təhqir bilirəm. Çünki burada xalqın müqəddəratından söhbət gedirsə, kənar qüvvələrə qulaq asmamalıyıq. İranla bağlılığım siyasi məsələlərdən irəli gəlmir. İslamın rəhbərini özümüzə rəhbər bilirik. Amma İran da, Azərbaycan da ayrı-ayrı dövlətlərdi. Hər iki dövlətin qanunları, idarəetmə sistemi var. Bunları qarışdırmaq olmaz”.
Partiyanın sədr əvəzi seçkilərlə bağlı danışarkən deyib ki, seçkilərdə müstəqil blok kimi iştirak edəcəklər: “Bütün islamçıları, sağlam qüvvələri hərəkata dəvət etmişik. Artıq buna ad da vermişik: Əxlaqlı Seçki və Ədalətli Dövlət Uğrunda Hərəkat. Öz namizədimizin şəraiti olmazsa, o zaman şərtlərimizə uyğun şəxsiyyətə dəstək verəcəyik. Hərəkatın adında “İslam” sözünün olması onun təkcə islamçılara aid olmasından xəbər vermir. Bunu ona görə seçmişik ki, burada düzgün, ədalətli insanların olduğu bilinsin. Bütün düzgün insanlara burada “yaşıl işıq”dır”.