Siyasət 14:28 17.08.2022

Partiyaya çevrilən QAT-ın sədri: Konstruktiv müxalifət mövqeyində duracağıq

Azərbaycanın siyasi səhnəsinə yeni partiya daxil olmaq ərəfəsindədir. Mətbuatın yazdığına görə, Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir və bununla bağlı olaraq bu gün qurumun qurultayı olacaq. Yeni yaranacaq partiya Azad Vətən Partiyası adlanacaq.
 
Qaynarinfo-nun suallarını cavablandıran QAT sədri Akif Nağı məlumatı təsdiqləyərək bildirir ki, yaranacaq yeni partiya sol-mərkəzçi xətti tutacaq:
 
"Cəmiyyətdə olan sosial problemlərin həllinə çalışacağıq. Dövlət maraqlarını isə hər şeydən üstün tutacağıq. Bu gün ölkədə partiyalar üçün münbit şərait yaradılıb. Fəaliyyət göstərmək üçün partiyaların daha geniş imkanları var. Tam qələbəyə, torpaqlarımızın işğaldan tam azad olunmasına qədər QAT-ın fəaliyyəti də bir sıra istiqamətlərdə davam edəcək. Fəaliyyətimizlə konstruktiv müxalifət mövqeyində duracağıq”.

A.Nağı partiyanın əsas nüvəsinin QAT-dan ibarət olduğunu dedi:"Hələlik tanınmış siyasi füqurlardan heç kim təşkilatımızda yoxdur. Buna elə də maraq göstərmirik. Sonradan kimlərinsə gəlməsi gələcəyin işidir. İndiki məqamda üzvlərimizin sayı 2-3 min arasındadır”.

Rüfət Sultan