"Bu təklifin konkret nədən ibarət olduğunu Bakının verəcəyi cavabdan biləcəyik".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakıya ünvanladığı və konkret detalları naməlum qalan sülh prosesi üzrə həll təklifini şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, indi bu barədə konkret nəsə demək çətindir:
"Çünki bəzi prinsipial xarakter daşıyan məsələlər hələ ki, sənəddə yoxdur. Bu baxımdan, müzakirə olunan digər mövzular - Konstitusiya dəyişikliyi, Zəngəzur dəhlizi kimi məsələlər hələ ki, sənəddə öz əksini tapmayıb. Amma görürük ki, bununla yanaşı, Paşinyan parlamentdə çıxışı zamanı yuxarıda qeyd etdiyim mövzulara da toxunub. Ona görə də hansı təkliflərin verildiyinə baxmaq lazımdır. Lakin Paşinyanın hər iki tərəfi qane edən həll təklifi fikri sadəcə olaraq onun şəxsi rəyidir. Azərbaycanın qəbul etdiyi bəlkə də ayrı məsələdir. Bunu da ola bilsin ki, Bakının verəcəyi cavabdan biləcəyik".
Qeyd edək ki, baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib. Lakin o, erməni jurnalistlərin söhbətin hansı təklifdən getdiyi barədə suala cavab konkret cavab verməkdən yayınıb.
KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz: "Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək".
Rüfət Sultan
Şərhlər