"Paşinyan yeni təkliflərində səmimi deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizilə bağlı ortaya atdığı yeni təkliflərinin Bakının maraqlarına nə dərəcədə uyğun olub-olmadığını şərh edərkən deyib.
"Mürəkkəb sualdır. Paşinyanın səsləndirdiyi təklifdən belə təəssürat yaranır ki, onun istəyi fərqlidir. Paşinyan ermənilər üçün Zəngəzurla bağlı şəraitin yaradılmasını istəyir. Ermənilərin Qərbdən şərqə, yəni Zəngəzura dəmiryolu bağlantısı Naxçıvan dəmiryolundan keçir. Digər tərəfdən, ermənilər şimaldan cənuba gedərkən bu bölgəyə çıxa bilərlər. Amma bizim ölkənin iki hissəsilə əlaqədar yeganə yolumuz şərqdən qərbədir. Ayrı yolumuz yoxdur. Bu baxımdan, Paşinyan səmimi görünmür", deyə Tofiq Zülfüqarov bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycana yeni təkliflərinin olduğunu bildirib. Paşinyan Naxçıvanla quru əlaqəsinin Ermənistanın yurisdikasiya daxilində bərpa oluna biləcəyini qeyd edib. O, "Sülhün kəsişməsi" layihəsi çərçivəsində bu məsələnin də nəzərdə tutulduğunu, həmçinin regional kommunikasiyaların açılmasının planlaşdırıldığını deyib.
Paşinyan Naxçıvanla quru əlaqəsinin dəmir yolu xətti ilə bərpasının düşünüldüyünü bildirib. Baş nazirin sözlərinə görə, layihədə Azərbaycandan Naxçıvana və əksinə, o cümlədən Ermənistanla da yükdaşımalar nəzərdə tutulub. Həmçinin sözügedən nəqliyyat xətti vasitəsi ilə beynəlxalq ticarət daşımalarının da həyata keçirilə biləcəyini söyləyib.
Paşinyan Yerarsxdakı dəmir yolu infrastrukturunun köhnəldiyini və bərpası üçün böyük investisiyaya ehtiyac olduğunu, bu səbəbdən sözügedən dəmir yolunun Meğridən salına biləcəyini deyib.
Rüfət Sultan
Şərhlər