Pekin-2022-də çıxış edən fiqurlu konkisürmə üzrə rusiyalı idmançı Kamila Valiyevanın yarışlardan əvvəl dopinqdən istifadə etdiyi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu haqda Beynəlxalq Test Agentliyi (İTA) məlumat yayıb. Açıqlamada Sankt-Peterburqda anadan olmuş 15 yaşlı idmançıdan Rusiya çempionatı zamanı götürülən nümunəyə əsasən dopinq aşkarlandığı bildirilib.
Açıqlamada bildirilib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İsveçdəki laboratoriyasında aparılan araşdırma zamanı onun qadağan olunmuş maddələr mübadiləsi tənzimləyicisi olan "trimetazidin"dən istifadə etdiyi aşkarlanıb.
Rusiya Antidopinq Agentliyindən (RUSADA) verilən açıqlamada Vəliyevanın müvəqqəti olaraq idmandan uzaqlaşdırıldığı və "Pekin-2022" Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcəyi qeyd edilib. Hətta RUSADA idmançının olimpiadada iştirak, məşq və ya məşqçilik edə bilməyəcəyi ilə bağlı qərar da çıxarıb.
Dopinqin olimpiadadan əvvəl tapıldığını əsas gətirən idmançının qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayacağı və fevralın 15-də baş tutacaq yarışa qədər cavab gözlədiyi bildirilib.
Səbuhi Həsənov