"İnsanlar pensiyaya çıxanda heç olmasa 10-12 il normal gün görməlidirlər”.
Bu sözləri Qaynarinfo-ya müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Millət vəkili ilə müsahibəni təqdim edirik:
- Milli Məclisin son iclasında deputatlar pensiya yaşının azaldılması ilə bağlı fikirlər səsləndirdilər. Pensiya yaşının azaldılması hazırda vacibdirmi?
- Bu, həyatın tələbidir. Son iki ildə koronavirus pandemiyası baş verdi. Dünyada və o cümlədən Azərbaycanda da bu xəstəlikdən kifayət qədər cavan insan dünyasını dəyişdi. Bunlar insanların uzunömürlülüyünə təsir edir. Koronavirusdan hətta sağalandan sonra da müəyyən insanların orqanizimində onun mənfi təsirləri qalmaqdadır. Azərbaycanda orta yaş hətti 70-72-dir. Azərbaycanda 77 yaşa qədər yaşayan çox insan yoxdur. 65 yaşdan pensiya almağa başlayanların əksəriyyəti 77 yaşa kimi yaşamır axı! Bütün dünya təcrübəsinə baxanda bunu görmək olur. Dünyada 20-yə yaxın ölkə var ki, pensiya yaşı 65-70 arası dəyişir. Əsas Avropa dövlətlərində belə pensiya yaşı 60-63 yaş həddi götürülür. Biz bunu normal sayırıq. İnsanlar pensiyaya çıxanda heç olmasa 10-12 il normal gün görməlidirlər. Yəni bu, vacib məsələlərdən biridir.
- Siz bunu məhz koronavirus pandemiyasından sonrakı vəziyyətə görəmi vacib hesab edirsiniz?
- Bu, təkcə koronavirusla əlaqədar deyil. Ümumiyyətlə, insan ömrü getdikcə azalır. Bizdə əvvəllər 100-120 il yaşayan uzunömürlülər çox idi. İndi insanlar 65-70 yaşa qədər güclə yaşayırlar. Elə deyil? Pensiya yaşı Azərbaycanda kifayət qədər yüksəkdir. Ona görə bunlar nəzərə alınmalıdır.
- Pensiya yaşının azaldılacağı dəqiqdirmi?
- Bu məsələ ilə bağlı nə vaxt qərar veriləcəyi dəqiq bilinmir. Bunlar sadəcə müzakirələrdir. 7 ildir bu barədə çıxış edirik. Mən bu barədə bəlkə 50 dəfə çıxış etmişəm. Burada əhalini ciddi narahat edən iki ciddi məsələ var. Biri pensiya yaşı, digəri isə uşaq puludur. Nə vaxt vətəndaşlarla görüşürəmsə, bu iki məsələ qaldırılır. Bunlar insanların sosial vəziyətinə təsir edən amillərdir.
- Maraqlıdır ki, o vaxt pensiya yaşının artırılması ilə bağlı qanun layihəsinə səs verən deputatlar indi bunun azaldılması üçün çıxışlar edirlər...
- O vaxt pensiya yaşını artırmaq üçün təklif verən adamlar gəlib elə bir tonda islahatları təqdim elədilər ki, hamı dedi, hə, yaxşıdır. Mən millət vəkillərini bu məsələdə qınamıram. Onlarda təqsir yoxdur. Sadəcə, o vaxt onlara məsələni elə təqdim etdilər, elə dedilər ki, problem olmayacaq. Amma indi görürük ki, bu məsələdə böyük problem var.
- O vaxt onu edənlər sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və komandası idi?
- Bəli. Səlim Müslümovun vaxtında pensiya islahatı həyata keçirildi. Ümumiyətlə, indi pensiyalarla bağlı islahatlara ciddi ehtiyac var. Təkcə pensiya yaşının həddi ilə bağlı deyil, müavinətlərin verilməsində də dəyişiklik olunmalıdır. Pensiyaya çıxmaq üçün prosedur belə dəyişdirilməlidir. Müəyyən sənədlərin, arayışların yığılması proseduru bu qədər çətin olmamalı, sadələşdirilməlidir.
- İndiki nazir Sahil Babayevin bu yöndə işini necə qiymətləndirirsiz?
- Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müəyyən qədər pensiya islahatları aparır. Məsələn, baxıb görəndə ki, kimdəsə sığorta hissəsi çox yığılıb, ondan götürüb pensiya hissəsinə əlavə edilir. Belə müsbət məqamlar var. Amma pensiya islahatına yenidən baxılması lazımdır. Ona görə yaş həddi məsələsi hər zaman qaldırılır. Əlbəttə, 65 yaş həddi çoxdur. Bilirsiniz, bu məsələ ilə bağlı bizə nə qədər müraciət olunur? Heç olmasa pensiya yaşı 60-63-ə endirilsə, bunu yenə başa düşmək olar. Amma 65 yaş çoxdur. Hələ bütün bu məsələlər müzakirə formasında gedir. Biz millət vəkilləri də öz təkliflərimizi veririk. Millət vəkillərinin arasında pensiya yaşının azaldılması təklifinə qarşı çıxanlar da var. Yəqin siz də eşitmisiz. Ona görə hərə bir cür danışır. Amma əhali ilə ən çox təmasda olan bizik. Elə bir gün olmur ki, kimsə bu məsələ ilə bağlı mənə müraciət etməsin. Biz ona görə bu məsələni tez-tez Milli Məclisdə qaldırırıq ki, hökumət bu məsələdə yavaş-yavaş öz mövqeyini bildirsin.
Əhməd