
"Əmək pensiyalarının ödənişi üçün plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib".
Bu barədə anspress-ə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan açıqlama verilib.
Məlumata görə, son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.
"Bildiririk ki, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.
Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər".
Qeyd edək ki, bir neçə gün öncə də bənzər hadisə qeydə alınmışdı. Anspress-ə müraciət edən şikayətçi, gözdən əlil də pensiyasını hər zamankı bankomatdan çıxara bilmədiyini demişdi.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev yaranmış problemin səbəblərini izah edib: “Sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi bu vaxta qədər "Kapital Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Nazirliyin keçirdiyi tenderin nəticələrinə uyğun olaraq, iyul ayının əvvəlindən etibarən bütün sosial müavinət və təqaüdlərin verilməsi tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə olunub"
Qaynar.info