Dünya 14:21 21.11.2023

Peskov Putinin LGBT ilə bağlı sözlərinə şərh verməkdən imtina etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə rəhbəri Vladimir Putinin LGBT üzvlərinin cəmiyyətin bir hissəsi olması ilə bağlı son açıqlaması və eyni zamanda, Ədliyyə Nazirliyinin LGBT icmasının ekstremist kimi tanınması üçün məhkəməyə müraciət etməsi barədə danışmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, prezident sözçüsü bu barədə danışmağa haqqının olmadığını bildirib.

"Ədliyyə Nazirliyi vasitəsilə edilən müraciəti nəzərə alsaq, mənim buna şərh verməyə haqqım yoxdur. Bu mövzuda heç nə demək istəməzdim", deyə Peskov bildirib.

Noyabrın 17-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyi LGBT beynəlxalq ictimai hərəkatının ekstremist təşkilat kimi tanınması və Rusiyada qadağan edilməsi ilə bağlı iddia qaldırıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, noyabrın 30-da Rusiya Federasiyasının Ali Məhkəməsində bu məsələ ilə bağlı iclas keçiriləcək.

Lakin sonradan Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun plenar iclasında LGBT-nin də cəmiyyətin bir hissəsi olduğunu bəyan edib. Onun sözlərinə görə, LGBT nümayəndələri Qərb ölkələrində müxtəlif yarışlarda iştirak edirlər. O qeyd edib ki, tez-tez qalib gəlmək üçün ya cinsi azlıqların həyatı haqqında nəsə danışmaq, ya yazmaq, ya da göstərmək lazımdır.

"Mən gözlənilməz bir şey deyəcəyəm. Onların da qazanmaq, göstərmək, danışmaq hüququ var, çünki bu da cəmiyyətin bir hissəsidir. İnsanlar da belə yaşayır”, deyə Putin bildirib.

Prezident əlavə edib ki, bərabərlik hər yerdə, o cümlədən mədəni yarışlarda olmalıdır.

Aydın