"Peskovun bu açıqlaması iki dövlət arasında münasibətləri tənzimləməyə kömək etməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Moskva ilə Bakı arasındakı münasibətlərdən danışarkən, tərəflər arasında soyuqluq mərhələsini qısa müddətdə aradan qaldıracaqları ilə bağlı bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Peskov bu açıqlamaları verdiyi bir zamanda Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı hücumlar, həbslər və hüquqların tapdanması davam edir:
"Bir tərəfdə Peskovun bu cür yumşaq açıqlaması, başqa bir tərəfdə təzyiq elementlərini özündə daşıyan zor tətbiqi hadisələri yaşanır. Rusiya hər zaman bu cür siyasət yürüdür. Ona görə də Rusiyanın nə dediyinə deyil, nə etdiyinə baxmaq daha doğru olar".
Həmsöhbətimizin fikrincə, Peskovun yaxın zamanlarda Azərbaycanla münasibətləri tənzimləyəcəkləri barədə açıqlamasının da müxtəlif yozumları var:
"Peskov bununla Azərbaycanın şərtlərini ölkəsinin qısa müddətdə qəbul edəcəyinəmi işarə verir? Yoxsa Azərbaycana təzyiqlərin dozasını artırmaqla Bakının geri çəkilməsilə münasibətlərin yenidən tənzimlənməsinin mümkünlüyünə işarə vurur? Bunların hər ikisi mümkündür".
Politoloq deyir ki, AZAL təyyarəsinin vurulması müqabilində kimsə cəzalandırılmırsa, bu, Rusiyanın həmin dövləti saymaması ilə bağlıdır:
"Moskva bərabərhüquqluluq prinsipini pozur. Bərabər hüquqluluq olmadıqca münasibətlər də zaman-zaman gərgin müstəvidə müxtəlif hadisələrlə müşayiət olunmaqda davam edəcək. Onun nəticəsidir ki, indi də Rusiyada yaşayan azərbaycanlılara qarşı total hücumlar həyata keçirilir. İnsanlar hüquqi qərar olmadan döyülür, öldürülür. Azərbaycan suveren, müstəqil siyasi iradəyə malik dövlət olduğunu ortaya qoyub və bu haqqını da müdafiə edəcək. Ona görə də hansısa güzəştdən söhbət gedə bilməz. Çünki güzəşt dövlətimizin haqqının kiməsə mənimsənilməsi deməkdir".
Natiq Miri düşünür ki, Peskov bu açıqlaması ilə əslində vurulan AZAL-a məxsus təyyarəylə bağlı beynəlxalq məhkəməyə müraciət edilməsi fonunda prosesin uzanacağına işarə edib:
"Azərbaycan məsələ ilə bağlı beynəlxalq instansiyalara müraciət etməklə bağlı hazırlıqlara başlayıb. Peskovun açıqlaması da bundan ibarət oldu ki, belə olarsa, onlar da gözləyəcəklər. Bu isə o deməkdir ki, beynəlxalq instansiyaya müraciət olunduğu təqdirdə, bu məhkəmələr dərhal hadisəni araşdırıb, hüquqi qiymət verə bilmir. Belədə məsələ on illərlə uzanır. Peskov da buna işarə edib. Bu isə iki dövlət arasında münasibətləri tənzimləməyə kömək etməyəcək"
Ekspert bildirir ki, ən doğrusu, gözləmək, Rusiyanın davranışlarına qiymət verib, ona adekvat olaraq da siyasət həyata keçirməkdir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ukrayna münaqişəsinə dair fikir ayrılıqlarının Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalı olduğunu bildirib. Peskov əlavə edib ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə yaşanan müvəqqəti soyuma dövrünü arxada qoymağa mane olmayacaq: "Və biz bu soyuqluq mərhələsini qısa müddətdə aradan qaldıracağıq".
Rüfət Sultan
Şərhlər