
Pərviz Əzimov
Zamanın indiki kimi əyri vaxtlarından biri idi. Hələ "Nizami" küçəsi ilə "Mərdanov Qardaşları"nın kəsişməsindəki “Şaurma”nın çöl tərəfində olan masalar yığışdırılmamışdı. Bu gün sabah Əli Əkbərin “Sarı Gəlin” romanı çapdan çıxacaqdı.
“Şaurma”nın bayırda olan masalarında oturmuşduq. Əli Əkbər ordan keçəndə görüşdük. Dedi ki, bir neçə günə kitab çap olunacaq, bu kitab üçün tam fərqli bir təqdimat keçirmək lazımdır. Dedik ki, filan yerdə yaxşı zal var, genişdir. "Onlar kənd təqdimatlarıdır, daha fərqli təqdimat lazımdır", - dedi. Müzakirə edib qərarlaşdırdıq ki, gecə klublarının birində təqdimat-party-i təşkil edək. O vaxt Əli Əkbərin dediyi çox gözəl bir ifadə olmuşdu: “Oxucu təqdimatda qoyun çomağa baxan kimi baxmamalıdır, kef eləməlidir, kef”.
Bu ölkədə ilk olacaqdı - ilk dəfə gecə klubunda kitab təqdimatı. Bəh-bəh... Təqdimat baş tutdu, oxucular gəldi, kef elədi, kitab aldı, rəqs etdi, əyləndi. Ənənəvi təqdimatlar kimi ağsaqqallar, ağbirçəklər çıxıb müəllif haqqında yarım saat mədhiyyə demədi. 3-4 nəfər 1-2 dəqiqəlik təbrik çıxışı etdi. Çıxış edənlərdən biri də yazıçı Seymur Baycan idi. Seymur Əli Əkbər haqqında demək olar ki, bir cümlə dedi: “Əli Əkbər Azərbaycan ədəbiyyatının ən urbanistik yazıçısıdır”.
Bu sözün deyilməsindən 2 ildən çox vaxt keçsə də, hələ də deyilmə səhnəsindən tutmuş, nöqtəsinə qədər yadımda qalıb. Əli Əkbərin “Artuş və Zaur”, “Tanrıların qürubu”, “Amneziya” kitablarını oxumuşdum. “Sarı Gəlin”i oxuyanda əsərdəki bu nüanslara diqqət etməyə başladım.
Azərbaycan ədəbiyyatı, kinosu, teatrı həmişə peyin iyi verib. Bütün qəhramanlar kənddə qoyun otara-otara, ayran sata-sata böyüyür, Bakıya ki gəldi, mədəni inqilab etmək istəyir, guya kimsə onu başa düşmür, gedir “padval” kafelərinin birində oturur, milli araqlardan içir və özünü elə aparır ki, bütün dünya bunu anlamalıdır, amma kimsənin ağlı çatmır buna (Söhbət son 20 ilin əsərlərindən gedir, əvvəlkilər heç araq da içmir, evdəki iş otağında oturur, pafoslu monoloqlar danışırlar). Hər kəsə savaş açır, hamıya dərs keçmək istəyirlər. Yarızirzəmi bir ev tapır, orda kirayə yaşayır, tanış olduğu qızlardan da tez bezir, onlar da onu anlamır...
Sonra bu əsərləri yazan müəlliflər özlərini yaratdıqları qəhrmanacıqlara oxşadır, şalvarnın arxa ciblərinin birinə qəzet, o birinə kitab salıb, əlinda hansısa ədəbiyyat jurnalını büküb, saqqal saxlayıb düşürlər şəhərin canına... Özləri kimi bir-iki müəllif də tapıb, “padval” kafelərində cız-bız yeyib, “mestni” araqdan içə-içə dahiliklərini nümayiş etdirirlər. Oxucuya heç bir yeni fikir, informasiya ötürülmür, hadisələr uzaqbaşı cız-bız müstəvisində bitir...
Azərbaycan ədəbiyyatında, həqiqətən də, yeganə urbanistik yazıçı Əli Əkbərdir. Kimlərsə bunu qəbul etməsələr belə. Onun sonuncu “Sarı Gəlin” romanını oxuyanlar, yəqin, diqqət ediblər. Məsələn, əsərdəki oliqarxın villası təsvir olunub. Yazıçı oliqarxın nə qədər var-dövlətə sahib olmasını isə, sadəcə, təsvirlər izah edib. Onun evinin divar kağızları “Zambaiti parati” markasına məxsusdur. Azərbaycan yazıçılarının 99 faizi heç bilmir ki, marka nədir, “brand”lar nəyi ifadə edir. Onlar üçün hər şey “Şirzad” kafesində başlamış, “Əriştə” kafesində bitmişdir.
Paulo Koelyonun “Zahir” əsərini oxuyanlar daha yaxşı anlayar: həyat yoldaşı itkin düşmüş yazıçı şəhər kənarında olan bir otelə gedir, kofe sifariş edir. Romanın, sadəcə, həmin hissəsində kofenin təsviri, hansı ölkənin kofesi olması, hansı üsulla hazırlanması, hansı markaya məxsus olması elə göstərilir ki, adam yaşamaq istəyir.
Hansı yazıçımız bu kimi mövzulara toxuna bilər? "Nərimanov" parkındakı çayxanada oturmaqla urbanistik yazıçı olmaq mümkünsüzdür. Bəyənmədiyimiz Çingiz Abdullayev sevimli obrazı Dronqonun “Farenheit” ətrini xatırlaya da bilərik. Adi bir ətirin təsvirindən gedir söhbət. Bu ətir həmin qəhramanın xarakterini demək olar ki, 90 faiz tamamlayır.
Əli Əkbərin son yazısında Coco Chanel, Armani, Louis Vuitton, Gucci ətirlərindən söhbət gedir. Nə olar ki, başqa birisi götürə, bu ətirlərdən danışa, insan oxuyanda meyxoş ola.
Əsərlərinin hamısına əzab, işğəncə, ölüm qatmaqla nə etmək istəyirsiz? İnformasiya lazımdır, informasiya... Oxucuya əzab verməklə uğur qazana bilməzsiniz. Oxucu əzabı zatən hər gün yaşayır, oxucuya xoş informasiyalar verin.
Qəhrəmanlarınızı peyinlikdə axtarmaqdan, oradan çıxarmaqdan əl çəkin. Qoyun orada qalsınlar. Onları ordan gətirib zirzəmi kafelərdə öldürməyin, sağlam ölümünə icazə verin.