Xəbər lenti

PFL bu yayım şirkəti ilə əməkdaşlığı dayandırdı: “İşlərindən razı deyilik”
İdman08:50 17.07.2023

PFL bu yayım şirkəti ilə əməkdaşlığı dayandırdı: “İşlərindən razı deyilik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Peşəkar Futbol Liqası fevralda "Insports.tv” ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Bu addımın məqsədi Premyer Liqa və Birinci Divizion oyunlarının internet üzərindən yayımlanaması və Azərbaycan futbolunun daha geniş təbliğatı idi.
Ancaq sözügedən şirkətlə əməkdaşlıqdan sonra futbol ictimaiyyəti arasında narazılıqlar yaranmağa başladı. Narazılıqların səbəbi sözügedən portalın həm məsuliyyətsizliyi, həm bir sıra texniki problemlərin olması, ən əsası oyunlara baxmaq üçün tələb olunan yüksək ödənişlər idi. Xatırladaq ki, portal Azərbaycan Premyer Liqasının oyunlarını izləmək üçün 10 avro ödəniş tələb edirdi. Birinci Liqanın oyunları üçün isə tələb 3.99 avro idi. Ancaq yayım portalı həmin ödənişlər qarşılığında, demək olar öhdəlikləri yerinə yetirə bilmirdi. Artıq PFL-lə "Insports.tv" arasında mövsümün sonuna qədər imzalanmış müqavilə başa çatıb. Maraqldır, qurum yenə sözügedən şirkətlə əməkdaşlıq müqaviləsi bağlayacaqmı? Növbəti mövsüm üçün planlar necədir?
Bununla bağlı Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev suallarımızı cavablandırıb. O, Qaynarinfo-ya açıqlamasında daha bu şirkətlə əməkdaşlıq etmək fikrində olmadıqlarını söyləyib:
"İnsports.tv” ilə müqaviləmiz bitib. Danışıqlar davam edir. Görünən odur ki, onlarla əməkdaşlığı dayandıracağıq. Çünki bizi çox narazı salan məqamlar var. Söhbət təkcə maddiyyatdan deyil, həm də tamaşaçıların, azarkeşlərin oyunlara baxmasına mane olan nasazlıqlardan gedir. Bir neçə dəfə narazılıqalrımızı çatdırsaq da, problemləri tam yoluna qoya bilmədilər. Keyfiyyət baxımından narazı idik. Onlar danışıqları və əməkdaşlığı davam etdirmək istəyirlər. Biz isə şirkətin işindən razı deyilik. Bu səbəbdən böyük ehtimalla başqası ilə anlaşacağıq”.
Bəs görəsən, portalda yayımlanan oyunlara baxmaq istəyənlər var idimi? Ümumiyyətlə, futbolumuz onların reytinqlərinə hansısa şəkildə təsir etmişdi?
"Onların xüsusən də jurnalistlərlə ünsiyyətdə bəzi detalları açıqlamamaq hüququ var. Bizdən heç bir narazılıqları yox idi. Bunu özləri də etiraf edirdi. Amma PFL-də çalışanların əksəriyyəti televeziya əməkdaşı olub, uzun illər jurnalist kimi fəaliyyət göstərib. Bizim əməkdaşlar da oyunlara baxırdı. Yəni, bu portal daha çox media nümayəndələrinə lazımdır ki, oyun epizodlarını dərhal analiz etsinlər. Problem də o idi ki, portalın işində gecikmələr olurdu və çatışmazlıqları onlara deyirdik. İradlarımz həddindən çox idi. Ona görə də müqaviləni qısa müddətli bağlamışdıq. Düzdür, bəzən elə bölgələr olub ki, internet kəsildiyi üçün oyunun yayımı istənilən şəkildə alınmayıb. Biz öncədən məsuliyyəti üzərimizə götürüb bu barədə onları xəbərdar etmişik. Amma belə hallar çox cüzi olub. Əslində, ilk dəfə Azərbaycanla işlədikləri üçün daha böyük problemlər gözləyirdilər. Lakin videoları, yayım linklərini onlara vaxtında göndərirdik. Hətta yarım saat öncədən yayıma girirdik. Bütün tədbirlər qaydasında idi. Danışıqlar gedir, ola bilər ki, bütün problemlərin həllinə 100 faiz təminət verərlər və əməkdaşlığımız davam edər. Amma böyük ehtimalla başqa şirkətlə müqavilə bağlayacağıq. Rəsmiləşən kimi bu barədə ictimaiyyətə bildiriləcək. 
Qurum rəsmisi oyunlara baxmaq üçün tələb olunan ödənişlərin də ictimaiyyətdə narazılıq yaratdığını deyib:
"Narazılığımızın səbəblərindən biri də ödənişlərlə bağlıydı. Qiymət çox yüksək idi. Bununla belə, ödəniş edənlər yayımda qırılmalarla rastlaşırdılar. Epizodların təkrarı gec verilirdi. Etiraf edək ki, Azərbaycan üçün qiymət yüksək idi, burada gizlədiləcək heç nə yoxdur. Minimal səviyyədə də olsa giriş vardı. İlk il üçün möhtəşəm idi desək, yalan olar, amma portala giriş baxımdan durum çox pis deyildi. Gözləyirik görək digər şirkətlər istəklərimizi təmin edə biləcəklərmi? Ən yaxşısı nədirsə, onu da edəcəyik. Çempionatın başlamasına qədər bunu həll etməyə çalışacağıq”.
Səbuhi Həsənov