“Azerenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev istintaqa cəlb edilib. Qaynar.info xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” qəzeti yayıb.
Xəbərdə bildirilir ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir.
Qəzet yazır ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.
Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.
“Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb. Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqı E.Pirverdiyevə də gəlib çıxacaq. Bu səbəbdən “Azerenerji” prezidentinin iki tərəfdən çıxılmaz vəziyyətə düşə biləcəyi gözləniləndir.
Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.
Qəzetin məlumatında həmçinin bildirilir ki, Beynəlxalq Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov istintaqdan yayınıb. Onun ölkədən qaçdığı deyilir. Bir neçə gün əvvəl həbs olunması barədə xəbərə “mən hazırda müalicədəyəm” deməklə kifayətlənən eks-deputat ölkədə olmadığına işarə etmişdi.
Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. Eks-deputatın barəsində hələ ki rəsmi nə həbs edildiyi, nə də axtarışda olması xəbəri yoxdur.
Qaynar.info