Xəbər lenti

Poçt xidmətlərinin lisenziyasız fəaliyyəti qanunsuzdur - İKTA-dan aktual problemlə bağlı açıqlama
Ekonomiks 14:42 16.01.2024

Poçt xidmətlərinin lisenziyasız fəaliyyəti qanunsuzdur - İKTA-dan aktual problemlə bağlı açıqlama

Azərbaycanda fəaliyyət karqo şirkətlərinə məxsus təhvil məntəqələrinin əksəriyyətinin lisenziyasız fəaliyyət göstərməsinə telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) münasibət bildirib.

Qurumdan Qaynarinfo-nun bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, lisenziya almadan karqo xidməti göstərilməsi qanunsuzdur. İKTA-nın cavabanını olduğu kimi təqdim edirik:

"Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) bəzi fiziki və hüquqi şəxslər tərəfindən lisenziyasız sürətli poçt xidmətlərinin (karqo xidməti) göstərilməsi barədə məlumatlar daxil olur. İKTA bəyan edir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərindən yayınaraq xidmət şəbəkəsini sürətli şəkildə genişləndirmək məqsədilə bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir. Bu isə öz növbəsində bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər.

Tənzimləyici qurum sürətli poçt xidmətləri bazarında yaranmış belə sui-istifadə hallarından narahatdır və bildirir ki, lisenziyasız sürətli poçt xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti qeyri-qanunidir.

İstifadəçilər verilmiş lisenziyalar barədə məlumatlarla bu linkdə tanış ola və həmin şəxslərin fəaliyyətinin qanuni olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. Həmçinin vətəndaşlar lisenziyaların mövcudluğunu öz poçt operatorları ilə dəqiqləşdirmək imkanına malikdirlər.

İKTA poçt xidməti istifadəçilərini qeyd olunan məsələlərdə daha diqqətli olmağa və bu kimi hallarla qarşılaşdıqda aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır".

Xatırladaq ki, Qaynarinfo Azərbaycanda fəaliyyət göstərən karqo şirkətləri barədə araşdırma material hazırlayıb. Həmin materialdan aydın olur ki, ölkədə fəaliyyət göstərən karqp şirkətlərinə məxsus təhvil məntəqələrinin əksəriyyəti lisenziyasız fəaliyyət göstərir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->