
Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyevanın kafedra müdiri vəzifəsindən çıxarılması barədə məlumata universitetdən aydınlıq gətirilmədi.
Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova Modern.az-a açıqlamasında işdə olmadığı üçün cavab verməkdən imtina etdi.
“Hazırda işdə deyiləm və bir həftə ola bilməyəcəyəm. Ona görə Nigar Vəliyevanın hansı səbəbdən kafedra müdirliyindən uzaqlaşdırıldığını bilmirəm. Amma deyim ki, o işdən çıxarılmayıb, hələ də bizdə işləyir”.
N.Vəliyeva isə faktı Modern.az-a açıqlamasında təsdiqləyib. “Bu ilin mart ayının 11-də Universitetin ingilis dili tarixi və fonetika kafedrasına müdir təyin olundum, dekabrın 2-də isə çıxarıldım. Mənə bildirdilər ki, rəhbəri olduğum kafedranın adı çox uzundur, müasir standartlara cavab vermir və bu rektora xoş gəlmir. Beləliklə, kafedranın adını dəyişib Leksikologiya qoydular və mənə də dedilər ki, siz daha müdir deyilsiniz. Səbəbi deyilmədi. Zənnimcə, səbəb isə rektorun məndən xoşu gəlməməsidir. Buna görə kafedranı bağladı, yəni bu, rektorun özbaşınalığıdır”.
Nigar Vəliyeva hazırda universitetdə işləməsinə də aydınlıq gətirib. “Mən adi adam deyiləm, filologiya elmləri doktoruyam, professoram, elmi məqalələrim, monoqrafiyalarım var. Xadimə deyiləm ki, məni elə-belə işdən çıxarsınlar. Kafedra müdiri olduğum müddətdə də heç bir qayda pozuntum olmayıb, nizam-intizam qaydaları yerində olub”.
Xatırladaq ki, N.Vəliyeva məşhur müğənni Bülbülün nəvəsi, xalq rəssamı İbrahim Zeynalovun bacısı qızı, xalq artisti Polad Bülbüloğlunun qardaşı qızıdır.
Qaynar.info