Xəbər lenti

Polietilen torbaların pullu olması ekologiyanı xilas edəcəkmi və dünya təcrübəsi...
Ekonomiks11:37 15.02.2023

Polietilen torbaların pullu olması ekologiyanı xilas edəcəkmi və dünya təcrübəsi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanıb)
Bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişlidir.
Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılacaq.
Bununla bağlı göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub.
Bidirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi pulla satılır.
Bəs bun polietilen torbaların pullu olması bazarlara və ekoloji cəhətdən təsiri necə olacaq?
Qaynarinfo məsələnin iqtisadi tərəfini iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. 
İqtisadçı bildirib ki, məsələnin iqtisadi təsirindən əvvəl qeyd etmək lazımdır ki, vətəndaşın davranış qaydaları dəyişməyincə, bunun üçün hökumət təbliğat-təşviqat işləri aparmayınca, müxtəlif sosial çarxlar vasitəsi ilə insanları maarifləndirməyənə qədər ciddi bir dəyişikliklər olacağını gözləmək olmaz.
Natiq Cəfərli qeyd edib ki, bu, əslində, dünyanın bir çox ölkələrinin keçdiyi yoldur, Azərbaycanda da bununla bağlı qərarlar verilir və bunu ekoloji problemlərlə mübarizə kimi qələmə verirlər. Yolun özü, ideyanın özü doğru olsa da, onun reallaşdırılması qaydaları səhvdir:
"Məsələn, Avropa və Amerikada bununla bağlı qərar qəbul edilməmişdən əvvəl illərlə təbliğat-təşviqat işləri aparılıb, insanlara hətta  dövlət və ya ekoloji təşkilatların dəstəyi ilə marketlərin qarşısında pulsuz parça torba paylanıb. Və bundan əlavə, bəzi ölkələrdə bu torbalardan istifadə kökündən qadağan olunub və ya pullu satışa keçilib. Bizdə isə... Bununla bağlı ciddi bir ictimai müzakirə olmadan, polietilen torbaya 3-5 qəpik qiymət qoyub düşünülür ki, insanlar bu 3-5 qəpiyə görə bundan imtina edəcək, bu, yalnış düşüncədir.  Bu, insanların öz vərdişlərindən imtina etmək üçün kifayətedici bir yol deyil". 
Ekspert bildirib ki, bunun üçün təbliğat aparılmalı, sosial çarxlar hazırlanmalı, ekoloji təşkilatlara dövlət dəstəyi olmalı idi ki, onlar marketlərin qarşısında insanlara pulsuz parça torbalar paylasın və s. Yəni öncə vətəndaşın davranış qaydalarını dəyişmək lazım idi ki, bundan sonra polietilen torbaların pullu olmasının bir yararı ola:
"İndiki şəraitdə bunun ciddi bir təsir olacağını düşünmürəm. Sadəcə, vətəndaşlarda əlavə narazılıq yaradılacaq”. 
Aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev isə deyib ki, o, hətta bu qərardan əvvəl polietilen torbaların pullu olması ilə bağlı təkliflər irəli sürüb. Çünki bu, həm də ekoloji təmizlənməyə səbəb olacaq:
"Bəli, bu torbalar pullu olanda müəyyən mənada ekologiyanın təmizlənməsinə də təsir göstərəcək. Bildiyimiz kimi, politilen torbalar xarab olmur, təbiətə düşəndə yüz illərlə qalır. Polietilen torbalar ətraf mühitin çirklənməsində əsaslı rollardan birini oynayır. Hətta bəzən bu torbaları yandırırlar. Bu da doğru deyil, bu zaman da ətrafa konserogen maddələr yayılır. Bu da insan sağlamlığına ziyandır”.
Ekspert düşünür ki, bu torbaların pullu olması müəyyən mənada ekoloji çirkliliyin qarşısını alacaq. Zaman keçdikcə bu polietilen torbalardan az istifadə ekoloji cəhətdən müəyyən müsbət dəyişikliklərə gətirib çıxaracaq:
"Ümumiyyətlə isə, bir dəfəlik olaraq kağız torbalara, həsir səbətlərə keçmək lazımdır. Hətta külək əsəndən sonra şəhərə baxsaq, küçələrə atılan polietilen torbaları ağacların başında da görə bilərik”.
Ekoloq bu mövzuda insanların maarifləndirilməsinə də çox böyük ehtiyac olduğunu bildirib: 
"Təbliğat məqsədli işlər görmək, prafllaktik tədbirlər aparmaq bu məsələnin həllində daha ucuz başa gəlir. İnsanlara anlatmaq lazımdır ki, bu politilen torbalar təkcə təbiətə yox, insan sağlamlığına da ziyandır, şəhərin küçələrində eybəcər mənzərə yaradır. Bütün bunlarla bağlı insanları maarifləndirmək lazımdır”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.