Dünya 22:31 31.01.2023

Polşadan Rusiya və Belarusun 2024 Olimpiadasında iştirakına qarşı sərt ultimatum

Polşa Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə ultamitum verməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Polşanın idman naziri Kamil Bortniçukun "Polskie” radiosuna müsahibəsinə istinadən yazıb.

Onun sözlərinə görə, Polşa digər ölkələrlə birlikdə Rusiya və Belarusun 2024-cü il Olimpiya Oyunlarında iştirakının qarşısını almağa çalışacaq. O qeyd edib ki, 40 ölkə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyinə ultimatum irəli sürməyə hazırdır.
"Biz beynəlxalq arenada bir sıra tədbirlər görürük. Söhbət Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyinə müəyyən təzyiq göstərmək üçün 40 ölkənin idman nazirlərinin imzalamış olduğu müraciətdən gedir”.

O, ultimatumun çox real olduğuna inanır, lakin Polşanın bu işdə iştirak edən yeganə ölkə olmasını istəmir.

"Burada oyunların təşkilini qeyri-mümkün edən ölkələrin effektiv koalisiyası yaradılmalıdır”, - o bildirib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclasından sonra Rusiya və Belarus idmançılarının yarışda iştirak şərtləri ilə bağlı qərar qəbul edilib https://qaynarinfo.az/az/rusiya-idmancilari-mueyyen-sertlerle-beynelxalq-yarislara-buraxila-biler-bok-1 .

Buna cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenski BOK-un rəhbəri Tomas Baxı neytrallığın mövcud olmadığından əmin olmaq üçün Baxmuta baş çəkməyə dəvət edib. Həmçinin, onun fikrincə, Kreml Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalıların və belarusların yarışmasına icazə vermək planlarını sanki dünyanın güzəştə getməyə hazır olduğu kimi qiymətləndirə bilər.

Bundan başqa BOK-un bu qərarına bir çox Qərb dövlətləri açıq şəkildə öz etirazlarını bildiriblər. Almaniya, Böyük Britaniya, Danimarka, Norveç, Latviya, Litva, Estoniya və s. ölkələrin rəsmiləri Rusiya və Belarusdan olan idmançıların Olimpiya oyunlarında iştirakına qarşı çıxıblar. 

Nizami Bağırov