
Bu gün Avropa çempionatının son görüşündə 2-ci dəfə finala çıxan Portuqaliya 2 dəfə bu turnirin qalibi olmuş meydan sahibi Fransa ilə qarşılaşacaq. Bu gün həm də bu komandaların statistikası maraq doğurur.
Qaynarinfo.az-ın Parisə ezam olunmuş əməkdaşı bu statistikanı təqdim edir.
Portuqaliya
1. Portuqaliya artıq 2 dəfə finalın keçiriləcəyi "Stad de Frans"da meydana çıxıb. Lakin onlar hər 2 matçda uduzublar. Bu stadion Portuqaliyanın Fransaya 2001-ci ilin aprelində 0:4, 2014-cü ilin oktyabrında isə 1:2 hesablı yenilgilərinə şahidlik edib.
2. Portuqaliya final mərhələsində daha çox künc zərbələrindən istifadə edib - 45 dəfə (hər oyuna orta hesabla 7,5 dəfə).
3. Portuqaliya millisində qapıçı Antoni Lopes, müdafiəçi Rafael Qerreyro və yarımmüdafiəçi Adrien Silva Fransada doğulub.
Fransa
1. Fransanın 1/4 finalda İslandiyaya qarşı oyunu onların "Stad de Frans"da 80-ci oyunu idi. Onların bu stadionda göstəriciləri belədir: 50 qələbə, 20 heç-heçə və 10 məğlubiyyət.
2. Fransa Avropa çempionatında 3 ölkədən biridir ki, ev sahibi olduğu qitə çempionatında qalib gəlib. Digərləri İspaniya və İtaliyadır.
3. Fransa final mərhələsində ən çox dirəyə top vuran komandadır - 5 dəfə.
Hər 2 komanda finaladək "çərçivə"yə eyni sayda zərbə vurub - 36 dəfə. Ən çox zərbə vuran komanda isə yarımfinalda Fransaya uduzmuş Almaniyadır - 37 dəfə.
Təbii ki, bu oyunda komandaların liderlərinin də oyunu müqayisə olunmaya bilməz. Bombardir olmağa namizədlərdən Kriştianu Ronaldu ilə Antuan Qrizmanın indiyədək göstəriciləri belədir:
Kriştianu Ronaldu - Antuan Qrizman
600 - meydanda olduğu dəqiqələrin sayı - 435
3 - vurduğu qolların sayı - 6
3 - etdiyi məhsuldar ötürmələrin sayı - 2
47 - qapıya vurduğu zərbələrin sayı - 23
12 - qapı "çərçivə"sinə vurduğu zərbələrin sayı - 12
1 - dirəyə vurduğu zərbələrin sayı - 1
Qeyd edək ki, final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qaynarinfo.az