
Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra rəqib oyunçu Jardellə insidentdə iştirak edərək qırmızı vərəqə alması səbəb olub. Bununla da Ağayev "Aroka" və "Şaviş"lə səfər, "Belenensiş"lə isə ev oyununu buraxmalı olacaq. "Benfika" isə azarkeşlərinin pirotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə 6 min avro cərimələnib.
Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb. Bu matçda 90 dəqiqə meydanda olan Kamran Ağayev 75-ci dəqiqədə topu oyuna gec daxil etdiyi üçün və oyundan sonra insidentdə iştirak etdiyi üçün 2 sarı vərəqə alıb.
Onu da bildirək ki, saytımız Kamran Ağayevin maksimum 3 oyunluq cəzalandırılacağını hələ bazar günü açıqlamışdı.
Qaynarinfo.Az