Qana Futbol Federasiyası Premyer Liqada oynayan "Aşantiqold"a sanksiya tətbiq edib.
Qaynarinfo-nun Afrika mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın ötən mövsümün 37-ci turunda manipulyasiyaya yol verməsi olub. Sözügedən turda baş tutan "İnter Allies"lə matçda oyunların manipulyasiyasında təqsirli bilindikdən sonra komandanın İkinci Divizionda çıxış eməsi ilə bağlı qərar çıxarıb.
2020/2021 mövsümündə Qana Premyer Liqasında "Aşantiqold Sportinq" "İnter Allies"lə qarşılaşıb. Matç "İnter Allies"in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Məhz həmin oyunda avtoqola imza atan Haşmin Musa daha sonra bu hərəkətə sözügedən oyuna qoyulan mərci korlamaq üçün yol verdiyini etiraf edib. Qana Futbol Federasiyası açıqlamasında komandanın manipulyasiya etməsinə dair güclü sübutların olduğu bildirilib.
Klubun prezidenti Kvaku Frimponq və onun oğlu, baş icraçı direktor vəzifəsində çalışan Emmanuel Frimponq da müvafiq olaraq 10 və 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Klubun səkkiz oyunçusu da matç manipulyasiyasında təqsirli bilinərək iki il müddətinə futboldan kənarlaşdırılıb. Daha beş oyunçu isə İntizam Komitəsinə gəlmədiyinə görə dörd il müddətinə diskvalifikasiya olunub.
"Aşantiqold"un baş icraçı direktoruna da 50,000 sedis məbləğində (Qana pulu) cərimə tətbiq edilib.
Qərar 2022/23 mövsümündən etibarən qüvvəyə minəcək.
Səbuhi Həsənov