Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiqlənib.
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
2.1. aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:
"2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;”;
2.2. 2.2.5-ci yarımbənddə "Elektron ipoteka” sözləri "Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin;
2.3. 4.4.10-cu yarımbənd ləğv edilsin.
Nazirlər Kabinetinə İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi, habelə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.