Xəbər lenti

Prezidentin fərmanı nələri dəyişəcək? - Ekspert şərhi
Ekonomiks08:58 16.09.2016

Prezidentin fərmanı nələri dəyişəcək? - Ekspert şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Fərmanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasının dayandırılması göstərilir. Habelə, Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə  İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsilə bağlı göstəriş verilib.

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo.Az-a açıqlamasında fərmanı şərh edib. Ekspert bildirib ki, bu fərman ölkədəki valyuta ehtiyatlarının qorunmasına yönəlib:

"İcra hakimiyyəti orqanlarına, nazirliklərə və dövlət idarələrinə büdcədən vəsait manatla ayrılır. Onların ehtiyaclarını ödəmək üçün xaricdən mal, xidmət, məhsul alınırsa, ayrılmış vəsaitin xarici valyutaya çevrilərək ölkədən çıxmasına, həmin mal və xidmətlərin ödənilməsinə xərclənir. Buna görə də, bu fərman valyuta ehtiyatlarının qorunmasına yönəlik bir addım kimi qiymətləndirirəm. Amma bunun həyata keçirilməsində müəyyən problemlər olacaq. Azərbaycan yerli istehsalı zəifdir. Ehtiyacların ödənilməsi üçün yerli məhsullardan istifadə etmək çox çətin olacaq. Amma bəzi sahələr var ki, bu fərman müsbət təsir edəcək. Məsələn, ordunun təhcizatı yerli fermerlərin istehsal etdiyi məhsullara yönəldilsə, kənd təsərrüfatı sahəsinə kömək olacaq. Amma bir çox sahələrimiz var ki, istehsal ümumiyyətlə yoxdur. Bir çox sahələrdə yerli istehsalın yetərincə olmaması və yaxud heç olmaması problem yaradacaq. 

İkinci məsələ, dövlət büdcəsindən maliyyələşən icra hakimiyyətləri və təşkilatların xərclədiyi vəsait barədə üç ayda bir dəfə hesabat verməsi müəyyən qədər şəffaflığı artıracaq. Amma bir məsələ diqqət cəlb edir. Mənə elə gəlir ki, nəzarətin Maliyyə Nazirliyində olması daha məqsədəuyğun olardı. Çünki büdcə vəsaiti Maliyyə Nazirliyindən ayrılır və onun necə xərclənməsinə də bu nazirlik nəzarət etməlidir. Hər halda müəyyən qədər şəffaflığa təsir edəcək. Bu fərmana qədər şəffaflıq sıfır dərəcəsində idi".

Pərvin Zeynal

Qaynarinfo.Az