Xəbər lenti

Prezidentin Rəsulzadə ilə bağlı sərəncamı nə vaxt yerinə yetiriləcək?
Ölkə11:43 15.01.2014

Prezidentin Rəsulzadə ilə bağlı sərəncamı nə vaxt yerinə yetiriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ilin noyabr ayının 22-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalamışdı.

Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Sərəncamın imzalanmasından 2 aya yaxın vaxt keçməsini və Rəsulzadənin 130 illik yubileyinə 15 gün vaxt qaldığını nəzərə alaraq aidiyyatı qurumlardan bu məsələ ilə bağlı hansı tədbirlər planı hazırladıqlarını öyrəndik.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Gülnar Şamilova Qaynar.info-ya açıqlamasında bildirdi ki, bu kimi məsələlərlə bağlı qərarlar AMEA-nın rəyasət heyəti qərar verir, ancaq Rəyasət Heyətinin hələ ki, Prezidentin sərəncamı ilə bağlı hansısa qərarı yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Respubli Nazirlər Kabineti ilə əlaqə saxladıq. Nazirlər Kabinetindən günün birinci yarısında etdiyimiz zəngə cavab olaraq bildirdilər ki, kabinetin mətbuat xidmətinin rəhbəri işdə yoxdur və günün ikinci yarısında işdə olacaq. Günün ikinci yarısında zəngimizə cavab verən və adını deməyən şəxsə Prezidentin M. Ə. Rəsulzadə ilə bağlı imzaladığı sərəncamla bağlı sual vermək istədiyimizi dedikdə, tələsik formada mətbuat xidmətinin rəhbəri işdə yoxdur deyib, telefonu yerə qoydu.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə Qaynar.info-ya açıqlamasında nazirliyin artıq tədbirlər planı hazırladığını dedi. "Tədbirlər planı nədən ibarətdir?" sualına isə İ. Hümbətov "Bu barədə saytımızda məlumat yerləşdiriləcək" cavabını verdi. "Rəsulzadənin 31 yanvar tarixindəki yübiley günü ilə bağlı konkret hansısa tədbir nəzərdə tutulubmu?" sualına isə mətbuat xidmətinin rəhbəri heç bir cavab vermədi.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə isə əlaqə saxlamaq mümkün olmadı. Mikayıl Cabbarov Təhsil Naziri təyin olunandan sonra nazirliyin rəsmi saytında bütün əlaqə nömrələri yığışdırılıb, əvvəlki mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Pərviz

Qaynar.info