Ekonomiks 18:47 30.03.2023

Prezidentin son fərmanı su təminatına necə təsir edəcək? (ŞƏRH)

"Son fərman bu sahədə daha təkmil idarəetməninin formalaşmasına və xüsusən də su təminatı ilə bağlı məsələlərin daha çevik həll edilməsinə imkan yaracaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin "Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirilməsi ilə bağlı fərmanını şərh edərkən deyib. 

Deputatın fikirincə, bu, struktur dəyişiklikləri kimi xarakterizə olunmalıdır:



"Bütövlükdə strukturun təkmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilir. Növbəti mərhələdə biz strukturun daha da təkmilləşdirilməsi, idarəedimənin çevikliyinin artırılması ilə bağlı addımların davam etməsini müşahidə edəcəyik. Nəzərə alaq ki, su ehtiyatlarının idarəedilməsi kifayət qədər prioritetdir. Əslində, bu gün aqrar sektor daxil olmaqla bir sıra sahələrdə suya olan tələbin ödənilməsi ən vacib məsələlərdəndir. Ona görə, belə agentliyin yaradılmasına, bütövlükdə su təsərrüfatı sektorunda səmərəliyin artırılmasına ehtiyac var idi”. 

Vüqar Bayramov qeyd edib ki, yeni agentliyin yaradılması bütövlükdə sudan istifadə, su təminatı, xüsusən səmərəli idarəetmə baxımından müsbət təsirləri olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə veriləcək.

Bahar Rüstəmli