Ekonomiks 11:35 09.02.2023

Prezidentin tütün məmulatları və alkoqollu içkilərlə bağlı sərəncamı nə vəd edir?

"Bu sahədə kifayət qədər boşluqlar var və onu aradan qaldırmaq üçün belə addımlar atılıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Prezident İlham Əliyevin Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndiriləcəyinə dair imzaladığı sərəncamı şərh edərkən deyib. Onun fikirincə, aksiz vergisinə cəlb olunan məhsullar bütün ölkələrdə diqqət mərkəzində olur:

"Tütün və alkoqol məhsulları həm də insan orqanizmi üçün zərərli olduğuna görə, dövlətin nəzarəti daha güclü olmalıdır. Azərbaycan bazarında zaman-zaman kontrafakt məhsulların girişi və bunların dövriyyədən çıxarılması ilə bağlı reportajlar izləyirik, məlumatlar alırıq. Gömrük orqanları bəzən bunları ictimaiyyətə açıqlayır. O da faktdır ki, sərhəddən belə məhsulların keçirilməsi gömrük oqranlarının icazəsi olmadan və göz yumması olmadan geyri-mümkündür. Xatırladım ki, gömrük generalının həbsi ilə bağlı məlumatlarda onun bağ evindən dəyəri 10 milyon dollarla ölçülən tütün məmulatı, siqaret növlərinin açkarlandığı məlum olmuşdu. Gömrük orqanlarının nəzarət mexanizmi kifayət qədər olsaydı, belə məhsullar Azərbaycana keçməzdi. Ancaq satışda kifayət qədər belə məhsullar var”. 



Nazim Bəydəmirli bunun həm də qiymət artımına gətirib çıxaracağını vurğulayıb:

"Sözügedən məhsullarda qiymət artımı daxili bazarda bu kateqoriyadan olanlara, yəni siqaret istifadəçilərinə sərf eləmir. Azərbaycanda bu sahə digər sahələrdə olduğu kimi inhisardadır və bir-iki müəssisə məhsul istehsal edir. Baxmayaraq ki, Azərbaycanda regionlarda tütün istehsalı yüksək səviyyədə idi. Bundan əlavə, həm də keyfiyyətli tütün istehsal olunurdu. Qiymətin normal olması üçün daxildə istehsalçıların daha çox olması vacibdir”. 

İqtisadçı alim hesab edir ki, sərəncamın ortaya çıxması Azərbaycanda bu məhsulları azad iqtisadi zonalarda istehsal etmək və xaricə satmaq məqsədi daşıyır:

"Əksər ölkələrdə belə variantlar var. Odur ki, sərəncamı həm də təşviq addımı kimi qiymətləndirə bilərik”. 

Bahar Rüstəmli