"Fərqlənmə nişanının verilməsi qaydaları dəqiqləşdirilməli, taksi fəaliyyəti qaydalarını pozanlar üçün hüquqi məsuliyyət məsələsi aydınlaşmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanına əsasən paytaxtda taksi fəaliyyətilə bağlı hansı yeni normativ aktlara ehtiyac olduğundan danışarkən deyib:
"Taksi fəaliyyətilə məşğul olmaq üçün vacib olan bütün qaydalar aydın olmalıdır. Normativləri taksi fəaliyyətilə məşğul olmaq üçün mövcud olan şərtlərə uyğunlaşdırmaq lazımdır. Özü də proses həyata keçirilərkən utopik ideyalara üstünlük verilməməlidir. Bütün taksilərdə taksometr olmalıdır. İndi isə bu yaramır. Bu məsələdə konkretləşmə olmalıdır”.
Ekspertin sözlərinə görə, taksi fəaliyyəti qaydalarını pozanlar üçün hüquqi məsuliyyət məsələsi də aydınlaşmalıdır:
"Hüquqi məsuliyyətin hədləri, hansı hallarda tətbiq olunması və kimin tətbiq etməsi məsələsi də həllini tapmalıdır.
Taksi şirkətlərinin, aqreqatorların fəaliyyətinin tənzimlənməsinə də ciddi ehtiyac var. Normativ aktlarda belə şirkətlərin necə olması, kimləri xidmətə qoşmalı olduqları, taksi üçün yararsız olanları xidmətə qoşsalar, nə baş verəcəyinə də aydınlıq gətirilməlidir. Ən əsası isə elan edilən normativlərin real həyatda real olaraq həyata keçməsidir”.
Ekspertin fikrincə, bu istiqamətdə elə bir normativ aktlar tətbiq edilməlidir ki, proses bir çox taksi sürücülərinin işsiz qalması ilə nəticələnməsin:
"Normativlər hazırlanarkən bu amil də nəzərə alınmalıdır. Elə edilməlidir ki, prosesin sosial, məşğulluq, biznes tərəfi və yol hərəkət təhlükəsizliyi məsələləri hamısı yerində olsun. Hər şey normativlərin hazırlanıb necə icra ediləcəyindən asılıdır”.
Rüfət Sultan