Xəbər lenti

Proqramçıların gələcəyi təhlükədə: Bəzi sahələrdə isə tələbat artır
Texnologiya 20:39 06.03.2025

Proqramçıların gələcəyi təhlükədə: Bəzi sahələrdə isə tələbat artır

ABŞ-da proqram mühəndisləri üçün vakansiyalar son beş illə müqayisədə 1/3-dən çox azalıb. 

Qaynarinfo xəbər verir ki, "Indeed" platformasında yerləşdirilən iş elanlarının sayında ciddi azalma müşahidə olunur. Bu vəziyyət xüsusilə pandemiya dövründə yüksək tələbatın olduğu vaxtlarla müqayisədə daha da nəzərə çarpır. 2022-ci ilin əvvəlində mövcud elanların sayı indiki göstəricidən təxminən üç dəfə çox idi.

Bu azalmanın əsas səbəblərindən biri şübhəsiz ki, süni intellekt texnologiyalarıdır. Süni intellekt vasitələri proqramçılara daha səmərəli işləməyə imkan verərək yeni işçi tələbatını azaldır. "Salesforce" şirkətinin baş direktoru Mark Benioff bildirib ki, süni intellekt alətləri 2025-ci ildən etibarən yeni mühəndislərin işə qəbulunu dayandırmağa imkan verə bilər. O, yanvar ayında yayımlanan "The Logan Bartlett Show" proqramında "Mühəndislərimizin istifadə etdiyi süni intellekt alətləri sayəsində inanılmaz məhsuldarlıq əldə etmişik", deyə qeyd edib.

"İşimi itirəcəyəm?" sualı aktuallaşır

Süni intellektin məhsuldarlığı artırması hazırda işləyən mühəndislər üçün müsbət hal sayılsa da, iş axtaranlar üçün bu, narahatlıq doğurur. Bir il əvvəl "Cognition Labs" ilk süni intellekt dəstəkli proqram mühəndisini təqdim edərək maraq yaratmışdı. 

"Thoughtful AI" şirkətinin mühəndislik direktoru Cesal Qadiya bildirib ki, bir çox həmkarları ondan işlərini itirib-itirməyəcəkləri barədə soruşublar. O vurğulayıb ki, süni intellekt hətta gənc mühəndislər üçün nəzərdə tutulan və təcrübə toplanılan sahələrdə də mövqeləri zəbt edə bilər.

Qadiya bildirib: "Gənc mühəndislər daha kiçik hədəflər müəyyənləşdirməli olacaqlar".

Ümidverici proqnozlar da var

Buna baxmayaraq, texniki bacarıqları yüksək olan mühəndislər üçün müsbət gözləntilər də mövcuddur. ABŞ Əmək Statistikası Bürosu 2023-2033-cü illərdə proqram inkişafı, keyfiyyətə nəzarət və test sahələrində işçi tələbatının 17% artacağını proqnozlaşdırıb. Bu artım ümumi əmək bazarındakı artım tempindən daha yüksəkdir.

Kanadanın "Lighthouse Labs" şirkəti isə məlumat analitikası, kibertəhlükəsizlik və bulud texnologiyaları kimi sahələrdə peşəkar kadrlara qlobal tələbatın hazırkı təklifdən çox olduğunu bildirib. Ən böyük tələbat artımı isə süni intellekt sahəsində müşahidə olunur. Şirkət bunu maşın öyrənməsi üzrə mütəxəssislərə olan ehtiyacın yalnız texnologiya sektoru ilə məhdudlaşmaması ilə əlaqələndirib.

Süni intellekt daha çox işi öz üzərinə götürəcək

Sektor fərqi olmadan proqramçılara tələbatın artması gözlənilir, çünki süni intellekt texnologiyaları inkişaf etdikcə, bu sahəyə maraq da artır. "GitLab"in məlumatına əsasən, hazırda proqramçılar iş vaxtlarının təxminən dörddə birini kod yazmağa sərf edirlər.

Texnologiya yazarı və mühəndisi Madars Biss bildirib ki, gələcəkdə proqramçılar daha az kod yazacaq, daha çox süni intellekt tərəfindən yaradılan kodları idarə edəcəklər. Onun sözlərinə görə, süni intellekt alətləri mühəndislərin təkrarlanan tapşırıqlarının əksəriyyətini yerinə yetirəcək, insanlar isə nəzarət və yaradıcılığa fokuslanacaqlar.

Bu tendensiya şirkətlərin işə qəbul strategiyalarına da təsir edə bilər. "Amazon Web Services"in rəhbəri Mett Qarman iyun ayında qeyd edib ki, süni intellekt yaxın illərdə proqramçıların işlərinin əhəmiyyətli bir hissəsini üzərinə götürəcək. O bildirib: "24 ay və ya daha uzun müddət sonra bir çox proqramçıya kod yazmağa ehtiyac qalmaya bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->