"Uşaq vaxtlarından başlayan problemin şiddətlənib və nəticədə dəhşətli faciəyə çevirilməsinə səbəb valideynlərdir".
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov paytaxtın Xətai rayonunda baş verən dəhşətli cinayətdən danışarkən deyib.
Elnur Rüstəmovun sözlərinə görə, cinayət anlaqsız, yaxud da anlaqlı vəziyyətdə törədilib, bu haqda istintaq məlumat verəcək:
"Bizim bununla bağlı konskret məlumatımız yoxdur. Cinayəti kimin törətdiyini də istintaq müəyyən edəcək. Biz problemə konseptual yanaşmalıyıq. Ortada bir faciə var. Bu cinayət əməli sübuta yetirir ki, cəmiyyət olaraq bizim fiziki sağlamlığımız qədər psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Bir adam xəstə olanda çox rahatlıqla həkimə gedir, dərdini anladır. Amma psixoloji problemi olanda həkimə getməyə utanır. Biz bu yanaşmanı aradan qaldırmalıyıq. İnsanın fiziki sağlamlığı qədər psixoloji sağlamlığı da önəmlidir. İnsanın bədəni ağrı yaşadığı qədər, psixikası da problem yaşayır. Biz bu problemi aradan qaldırmaq üçün həkimə müraciət etməliyik".
Elnur Rüstəmov hesab edir ki, bir insanda birdən-birə psixoloji patologiyalar olmur:
"Bu uşaq vaxtlarından başlayır, yeniyetmə çağlarında şiddətlənir. Tədbir alınmadığı təqdirdə bu patoloji səviyyəyə kimi yüksəlir. Uşaqlarda davranış qaydaları pozulanda ətrafdakılara, hətta heyvanlara belə aqresiv davranır, şiddət göstərir. Bunu görən kimdir? Valideyn. Onlar tədbir almalıdır və onu zamana buraxmamalıdır. Amma valideyn nə deyir? "Evlənər, düzələr” kimi yanaşmadan biz uzaqlaşmalıyıq. Qonşu, qohumlar da onun uşağında problemi görəndə evdə uşağına onunla oturub-durma kimi xəbərdarlıqlar edir. Nəticədə, uşaq təklənir və daha da aqresivləşir. Bu gün valideynlər uşağının psixoloji durumunu gizlədir, tədbir görmür. Əksinə, onun bütün istəklərini yerinə yetirir, nəticədə uşaq daha da aqresivləşir".
Psixoloq belə hadisələrin Azərbaycanda hər gün baş vermədiyini vurğulayıb:
"Azərbaycanda çox nadir hallarda baş verir. Biz bu cinayətlə bağlı versiyalar irəli sürməkdənsə, bu kimin halların qarşısının alınmasını müzakirə etməliyik. Cəmiyyət üçün təhlükəli insanlar var. Onları cəmiyyət içinə buraxmaq olmaz. Elə şəxslər var ki, onlar cəmiyyətdən təcrid olunmalıdır. Belə bir hadisə baş verəndə hamı deyir ki, cinayəti törədəni həkim niyə xəstəxanaya yerləşdirməyib. Həkimin belə bir səlahiyyəti yoxdur. Həkim bunu o zaman edə bilər ki, onun ailəsinin razılığı olsun. Yaxud da həkim - psixiatr briqadası çağırılmalıdır. Onlar xəstəni xəstəxanaya apara bilərlər. Əks təqdirdə, həkimin ixtiyarı yoxdur ki, insanı xəstəxanaya yatırsın. Həkim ancaq tövsiyyə edir. Amma belə olanda vətəndaşlar hansı reaksiyanı verir? Əlbəttə ki, razılıq vermir, çox zaman da ailəsi bunu gizlədir. Əksər hallarda şahidi oluruq ki, həm ata, həm də ana ali təhsilli və cəmiyyətdə nüfuzu olan insanlardır. Valideyn inanmır ki, onun uşağı ailəsini öldürə bilər. Ana fikirləşmir ki, uşağında bu cür ağır psixiotrik problem var”.
Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bahar Rüstəmli
Şərhlər