Fransada mühakimə olunacaq PSJ-nin baş məşqçisi Kristof Qaltyeni üçillik həbs cəzası gözləyir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü oğlu Con Valovic-Qaltye ilə birlikdə Nitsada polis bölməsində saxlanılan məşqçi sabiq klubu "Nitsa"nın futbolçularına qarşı ayrı-seçkilikdə ittiham edilir. Fransalı mütəxəssis polis idarəsindəki hərəkətlərindən sonra "təcavüz və ayrı-seçkilik" ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin dekabrın 15-də keçiriləcəyi, Qaltyeni isə üç ilə qədər həbs cəzası gözlədiyi bildirilir.
Məşqçi 2021-22 mövsümündə "Nitsa"nı çalışdırdığı zaman ayrı-seçkilik, irqçi və islamafobik ifadələr işlətməkdə ittiham olunur. İttihamlar üzə çıxdıqdan sonra baş verənləri təkzib edən vəkili açıqlamasında, "Kristof Qaltye cənab Julien Furnyerin onun ünvanına təhqir və böhtan xarakterli ifadələrini eşidəndə məəttəl qaldı. Qaltye cinayətin ciddiliyini nəzərə alaraq ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edib. O, dərhal vəkilinə gecikmədən lazımi məhkəmə prosesinin başlanmasını tapşırıb” - deməklə, Qaltyeni müdafiə edib.
İstintaq çərçivəsində Liqa 1 təmsilçisi "Nitsa"nın qərargahında axtarışlar aparılıb. Bu prosesdə klub prezidenti Jan-Pyer Rivere də daxil olmaqla, bir çox oyunçu və tanınmış simalar, həmçinin, elektron poçt vasitəsilə həyata keçirilən yazışmaları üzə çıxaran keçmiş futbol direktoru Julien Furnyer də müvafiq orqanlar tərəfindən dindirilib.
Bu arada, PSJ Çempionlar Liqasındakı uğursuzluqdan sonra Qaltye ilə müqaviləni vaxtından əvvəl ləğv etməyə çalışır. Liqa 1 nəhənginin rəhbərliyi komandanın "sükanı" arxasına İspaniya millisinin və "Barselona"nın keçmiş baş məşqçisi Luis Enrikeni təyin etməyi planlaşdırır.
Səbuhi Həsənov