
Azərbaycandan xaricə pul köçürmələrinə məhdudiyyət qoyuldu.
Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycanın daxilində və Azərbaycandan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir. Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində min АBŞ dоllаrı, ay ərzində isə 10 min АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.
Yeni qaydanı şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a bildirdi ki, bu qayda bir sıra vətəndaşlara çətinlik yaradacaq:

"Bu qərar bir daha göstərir ki, Azərbaycandan kənara valyuta axının qarşısını almaqda hökumət üçün çətinliklər vardır və hökumət bu problemin həllində acizdir.
Qoyulan limitlər xüsusilə də, Avropa, Böyük Britniya və ABŞ-da şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə və digər şəxslərə problemlər yaradacaq. Onların təhsil haqları və yaşayış xərcləri bir çox hallarda 10 min dollardan çoxdur.
Məsələn, mənim professor olduğum Duke Universitetində bir illik təhsil haqqı və yaşayış xərcləri 65 min dollardır. Son dəyişikliyə görə, övladı orada oxuyan valideyn bu vəsaiti 6,5 ay köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq. Odur ki, bu cür qərarların verilməsində bu kimi hallar nəzərə alınmalıdır. Digər tərəfdən də valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir".
İqtisadçı ekspert Samir Əliyev Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, vəziyyətin pisləşməsi hökuməti yenidən məhdudlaşdırıcı addımlar atmağa vadar edir:

"Bu qaydanın qəbulunda məqsəd olaraq ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması göstərilir. Göründüyü kimi, yeni tələblər manata təzyiqi azaltmaq üçün ölkədən kapital axınını məhdudlaşdırmaq üçün qəbul edilib. Əsas diqqəti çəkən məqam bank hesabı açmadan xaricə pul köçürmələrinin həcminin ayda 10 min dollar həcminə limitləşdirilməsidir. əvvəllər limit ancaq gündəlik pul köçürmələrinə (gündəlik 1000 dollar) tətbiq edilirdisə, indi rezident fiziki şəxsin yaxın qohumlarının (ər, arvad, valideynlər, baba, nənə, nəvə, övlad, övladlığa götürülən, qardaş və bacı və s.) köçürmələri qohumluğu təsdiq edən sənədlər əsasında ay ərzində 10000 (on min) ABŞ dolları ötməyəcək. Halbuki oxşar limit (illik 10 min dollar) əvvəllər də olub 2008-ci ildə götürülüb. Vəziyyətin pisləşməsi hökuməti yenidən məhdudlaşdırıcı addımlar atmağa vadar edir. Düşünürəm ki, zaman keçdikcə valyuta bazarının vəziyyətindən asılı olaraq buu limitlərə yenidən baxılacaq və proseslərdən asılı olaraq daha da azaldıla bilər".