Xəbər lenti

Pulsuz qəzet var!
Ölkə06:51 26.09.2013

Pulsuz qəzet var!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elkin Xəlilov

Pulsuz qəzet var!


Hər sabah qəzet oxumaq ibadət etmək kimi bir şeydir

Bir neçə müddətdir ki, “Azadlıq” radiosunun “Fərqli düşüncə” qəzetini paylayıram. Qəzet həftədə bir dəfə çıxır (indi müvvəqəti olaraq 15 gündən birdir) və şəhərin müxtəlif yerlərində pulsuz paylanır. Qəzetdə əsasən radioda gedən materiallar və maraqlı yazılar toplanır. Əsas məqsəd qəzet almağa imkanı olmayan insanları marifləndirmək və onlara ölkədə gedən proseslər barədə məlumat çatdırmaqdır.

İlk dəfə işə gedəndə çox rahatıydım. Fikirləşirdim ki, bir neçə saata çox asanlıqla qəzetləri paylayacam...
Amma, hər ehtimala qarşı, müdirimiz məni məlumatlandırdı. İnsanların qəzetləri götürməyəcəyini, bəzilərinin heç mənə əhəmiyyət verməyəcəyini, hətta bəzilərinin qəzeti alıb bir-iki metr aralanandan sonra atacağını dedi.

Düzü, elə də inanmadım. Axı niyə də inanmalıydım? Həmişə bu insanlar maddi çətinliklərinə görə, qəzet almadıqlarını demirlərmi? Üstəlik bu qəzet ölkədəki problemlərə toxunan yazılarla dolu ola.

Nə isə, birinci gün qəzetlərin hamısını paylayıb qutardım. Müdirimizin dediyi kimi, qəzeti almayanlar, mənə fikir vermiyənlər oldu. Amma görəcəyim günlər qabaqdaymış...

Getdikcə qəzeti bir günə deyil, bir neçə günə paylayıb qutarırdım. Müdirimizin dediyi sözlər getdikcə adiləşirdi.
Mənə tərəf baxmayanlar, qəzeti əlimdən alıb sonra özümə qaytaran gənc oğlan və qızlar, “əşşi sənin işin-gücün yoxdu?” - deyən qocalar, qəzeti cırıb yerə atanlar, “nömrəni yaz qızlara ver” - deyənləri  və daha nələr, nələr...

Bir dəfə axşamüstü metronun qabağında qəzet paylayırdım. İki cavan oğlan yaxınlaşıb “bu nədir?” - deyə soruşdular. Dedim qəzetdir. Sual verdilər ki, nədən yazılar. Dedim, ictimai-siyasi qəzetdir, ölkədə baş verən hadisələrdən yazılar var. İrişə-irişə gülməyə başladılar və qəzetdə krossvord olub-olmadığını soruşdular. Dedim, yoxdur. Başlarını bulayıb getdilər.

Bir dəfə isə orta yaşlı xanım yaxınlaşıb dedi ki, o qəzetdən 20-30-nu verim ona. Soruşdum, nəyinə lazımdır. Qısaca cavab verdi ki, yumurta bükəcəm.

Bu hadisə isə keçən qış başıma gəlmişdi. Əynim nazik idi. Hava qaralırdı ki, yağış yağmağa başladı. Bir yandan da məlum Bakı küləyi... “Nizami” metrosunun qabağında təxminən əlimdə 300-ə yaxın qəzet durmuşdum. Gəlib-gedənə “buyurun pulsuz qəzetdir, götürün” - deyirdim. Gəlib keçən 20 nəfərdən biri dönüb mənə baxmırdı. Təxminən yarım saatdan artıq idi ki, heç on qəzet paylamamışdım. Yağış və külək getdikcə güclənirdi. Bilmirdim nə edəm. Qəzetləri paylamaq lazım idi. 

Bir xeyli gözlədim, amma kimsə mənə fikir vermirdi. Beləcə bir saatdan artıq qəzetlər əlimdə qaldım. Əsəbdən gözlərim dolmağa başladı. Bu millət axı niyə belə edir deyə düşündüm. Yaxşı, qəzet oxumurlar oxumasınlar, bəs görmürlər, soyuqdur, mən bunları paylamalıyam axı. Yaxınlıqdakı mağazaya keçib əllərimi isitdib, təzədən qəzetləri götürüb “20 Yanvar”a getdim. Gecə 11-ə qalmışa kimi qəzetləri paylayıb qurtardım...

İndi sual verə bilərsiniz ki, niyə yalnız pis şeylərdən yazırsan. Mənə yaxşı münasibət görstərən insanlar da olur. Məsələn, bir yaşlı insan var, mobil nömrəmi belə götürüb. “Əhmədli” metrosu tərəfdə qalır, hər həftənin birinci-ikinci günü əlaqə saxlayıb qəzetlərini götürür. Rusdilli, bakılı bir xanım var, xəstəxanada işləyir, hər dəfə 10-a yaxın qəzet götürüb oradakı iş yoldaşlarına paylayır. Elə insanlar olur ki, bir müddət görünməyəndə gecikməyimin səbəbini ərkyana soruşurlar.

Bəli, belə adamlar var, amma azdırlar, yox kimidilər. Əlinə qəzet götürməyi özünə sığışdırmayan gənclər var. Həm də çoxdu. Adamın üzünə baxırlar.  “Buyurun, qəzet götürün", - deyirəm.  "Əşi nəyimə lazımdır, boş-boş şeylərdir, guya oxusam nə dəyişəcək?” - deyilər. Hələ hərf tanımadığını deyib fəxrlə gülən gənclər də olur, "ver, oxumasaq da, evdə bir şey bükməyə istifadə edərik" - deyən insanlar da.

Məsələ budur. Oxumaq istəməyən cəmiyyətdə dəyişiklikdən söhbət gedə bilməz. Hər həftənin birinci-üçüncü günləri mən depresiyaya düşürəm, ümidlərim məhv olur. Bir ölkənin tələbəsi, fəhləsi pulsuz belə qəzet oxumursa hansı dəyişiklikdən danışa bilərik? Bu reallıqdır! Acıdır, bilirəm, adamın nəfəsi tutulur bunları yazanda, amma olan budur. Üzünə belə baxmadan, guya səni eşitmədən sakitcə yanından keçir, qəzeti alıb beş addım getməmiş cırıb atır, dönüb nifrətlə üzünə baxırlar. Az qalır günah iş gördüyünü fikirləşəsən.

Ümidsizləşdirmək istəmirəm sizləri, amma çıxış yolu görmürəm. Yoxsa sevə-sevə yazardım. Bəlkə nə zamansa bu ölkədə isanlar toplum halında qəzet alacaqlar, bəlkə kitablar 500 tirajla deyil 10 min tirajla çıxacaq, insanlar köşklərin qabağında növbəyə duracaq. Ancaq o zamanın yaxın olduğunu yaza bilməyəcəm.

P.S. Ola bilər kimsə yazdıqlarıma inanmasın, problem deyil. Həftənin birinci-üçüncü günləri əlaqə saxlayıb, kənardan qəzet paylamağıma baxa bilərsiniz. O zaman görəcəksiniz ki, yazdıqlarım, başıma gələnlərin heç bir faizi də deyil.


Qaynar.info