Dünya 10:43 30.01.2023

Putin Boris Consonu raketlə hədələyib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson (2019-2022) Ukraynaya qoşun yeritməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb. Britaniyalı siyasətçinin sözlərinə görə, o, Rusiya prezidentini Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olmayacağına əmin edib və Putin onu raketlə vuracağı ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazıb.

"O dedi: "Boris, deyirsən ki, Ukrayna yaxın vaxtlarda NATO-ya daxil olmayacaq. Məhz hansı vaxt aralığından söhbət gedir?" Mən isə dedim: "O, yaxın gələcəkdə NATO-ya daxil olmayacaq. Siz bunu çox yaxşı bilirsiniz". O, bir anda məni hədələdi və dedi: "Boris, səni incitmək istəmirəm, lakin raketlə bu bir dəqiqə çəkəcək" və ya buna yaxın bir şey", siyasətçi əlavə edib. 

Conson bildirib ki, danışıqlar zamanı o, Rusiyanı eskalasiyadan əl çəkməyə çağırıb. Bildirib ki, bu, Ukraynaya dəstəyin artmasına və NATO-nun genişlənməsinə səbəb olacaq.

Söhbət fevralın 2-də Consonun Ukraynaya səfərindən sonra baş tutan telefon danışığından gedir. Kreml həmin vaxt bəyanat verib ki, Putin dialoq zamanı NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı narahatlığına adekvat cavab verməyə hazır olmadığını bildirib. Həmçinin, Rusiya hakimiyyətinin verdiyi məlumata görə, Ukraynadaxili böhran və Rusiyaya uzunmüddətli təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. 

Dauninq-strit fevralın əvvəlində bildirib ki, liderlər Ukraynada vəziyyətin pisləşməsinin heç kimin marağında olmadığı barədə razılığa gəliblər. Britaniya səlahiyyətlilərinin iddiasına görə, Conson "Rusiyanın Ukrayna ərazisinə növbəti işğalı faciəli səhv hesablama olacağını" və Ukraynanın "açıq qapı" siyasətinə uyğun olaraq NATO-ya üzv olmaq hüququ olduğunu söyləyib.

Nizami Bağırov