Xəbər lenti

Qaçaqmalçılığa şərait yaratmaqda ittiham edilən keçmiş gömrükçülərin məhkəməsi başlayır
Ekonomiks 16:20 20.11.2024

Qaçaqmalçılığa şərait yaratmaqda ittiham edilən keçmiş gömrükçülərin məhkəməsi başlayır

Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov, həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyev, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov və digərlərinin barəsindəki cinayəti işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Noyabrın 28-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək. 

Adıçəkilən şəxslər qaçaqmalçılıq cinayətlərinə şərait yaratmnaqda ittiham edilir. Onlar saxlanılarkən Dövlət Gömrük Komitəsinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, "Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində axtarış elan edilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->