
ABŞ-ın qadınlardan ibarət millisinin 5 aparıcı oyunçusu ayrı-seçkiliyə görə yerli futbol federasiyasının Bərabər İşçi Hüquqları Komissiyasına şikayət ediblər.
Qaynar.info xəbər verir ki, şikayət kişi millisi ilə müqayisədə onlara federasiya tərəfindən az pul verilməsinə görədir.
Narazı futbolçular millinin vitse-kapitanları Karli Lloyd və Bekki Sauerbrann, hücumçu Aleks Morqan, yarımmüdafiəçi Meqan Rapinoe, eləcə də ikiqat olimpiya çempionu olmuş qapıçı Houp Solodur. Onlar şikayətlənir ki, qadın millisi kişilərdən çox uğur qazanmasına baxmayaraq, onlardan az pul alır.
Bu futbolçular bildiriblər ki, ötən il kişi millisinin qazandığı pulun yalnız 40 faizini (cəmi 72 min dollar - red.) alıblar. Bundan başqa, onlar il ərzində ezamiyyət pulu almayıblar. Kişilər millisi yoldaşlıq matçında uduzanda 5 min, güclü komandaya qalib gələndə 17625 dollar pul mükafatı qazanır. Qadınlar isə yalnız qələbə qazanacağı halda, onlara 1350 dollar pul verilir. Dünya çempionu olacağı halda qadın millisi ən çox 75 min dollar qazana bilərsə, bu rəqəm kişilərdə təxminən 400 min dollardır.
Qeyd edək ki, ABŞ-ın qadın millisi kişilərdən fərqli olaraq, dünyada ən güclülərdən sayılır. Onlar 3 dəfə dünya, 4 dəfə isə olimpiya çempionu olublar. 1991-ci ildə ilk dəfə qadınlar arasında keçirilmiş dünya çempionatının ilk qalibi də amerikanlardır.
Qaynar.info