"Bu gün qadınlar evdə zorakılıq varsa, ona dözməlidir” deyən və ya "qadın zorakılığa məruz qalırsa, buna layiqdir” deyə düşünən qadınlarımız ailələrində hələ də adət-ənənəyə bağlı olanlardır”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri sosioloq Əhməd Qəşəmoğlu "Ailə Qadın və Uşaq Problemləri üzrə Düvlət Komitəsi”nin sədri Hicran Hüseynovanın açıqlamasında yer alan "bəzi qadınlar döyülməyə layiqdir” fikrini şərh edərkən deyib.
Onun sözlərin görə, qadınların demək olar, böyük bir hissəsi "Azərbaycanda qadınlar öz hüquqlarını bilmir”, "Azərbaycanda qadınlara qarşı zorakılıq var” və s. kimi fikirləri dəstəkləmir:
"Bu gün qadınlar evdə zorakılıq varsa, ona dözməlidir” deyən və ya "qadın təzyiqə məruz qalırsa, buna layiqdir” deyə düşünən qadınlarımız hələ də adət-ənənəyə bağlı olanlardır. Digər tərəfdən də qadınların bir hissəsi daha ağıllıdır, onlar görürlər ki, davranışları doğru deyil və bunları qəbul etməyib tənqid edirlər. Hətta bu gün mənim tələbələrim arasında qızlar var ki, onlar da döyülən qadınlar haqqında "əcəb edib onu döyüblər”, - deyir. Belə düşünən qadınlar çox doğru düşünür”.
Sosioloq əlavə edib ki, son illərdə qadın zorakılığına aid məsələlərə münasibət metdodu kökündən səhvdir. Məsələni bu şəkildə qoymaq çox ziyanlı və təhlükəlidir. Qadın zorakılığına qarşı münasibət ölkədə indiki şəkildə davam edərsə, bu, çox dağıdıcı bir model ola bilər.
"Bu gün Azərbaycanda qadın zorakılığına aid məsələ ətrafında gedən söz-söhbətlərin özü elə ən birinci olaraq tənqid olunmalıdır. Biz burda təkcə qadının deyil, Azərbaycan ailəsinin problemindən danışmalıyıq. Təkcə qadınlara qarşı zorakılıq, kişilərə qarşı zorakılıq və s. bu mövzuda danışmaq bugünkü cəmiyyətimiz üçün çox ziyanlıdır.
Azərbaycan ailəsi bu günə qədər heç vaxt bugünkü qədər gərgin vəziyyətdə olmayıb. Bu gün ailə quranların yalnız on-on beş faizində evdə normal münasibət ola bilər. Ona görə biz ən əvvəl çalışıb ailəni bu vəziyyətdən xilas etməliyik", - sossioloq qeyd edib.
Əhməd Qəşəmoğlu bildirib ki, qadınları xüsusi təbəqə kimi ayırmaq olmaz, onu ailə ilə bütün şəkildə fikirləşmək lazımdır. Hətta onların arasında elələri var ki, davranışları digər qadınları da qane etmir, onlarda özləri haqqında mənfi fikirlər yaradır:
"Biz bu mövzuda qadınları maarifləndirməliyik. Qadınların əksəriyyəti elə bilir ki, demokratiya sərbəstlikdir. Biz bunları kompeks şəkildə həll etməliyik ki, ailəni xilas edə bilək. Ailəni xilas etmək isə həm qadını, həm də kişini xilas etməkdir. Qadınlara qarşı zorakılıqdan danışmaq tamamilə səhv yanaşmadır”.
Sosioloq onu da deyib ki, ümumiyyətlə, ailədə gərginlik olarkən qadın kişiyə aylarla psixoloji təsir edir, kişi də daha güclü olduğuna görə fiziki güc tətbiq edəndə ortaya çıxır ki, kişilər qadınları döyür. Amma bu məsələdə günahı təkcə qadınların üstünə atmaq olmaz, çünki kişilər də qadınlar qədər günahkardır. Buna səbəb kimi, onların özlərini adət-ənənəyə bağlı aparmaq, ailəni idarə etmək, sədaqət və s. kimi əməllərin əksəriyyətinin itməsini göstərmək olar.
Məsələyə psixoloji tərəfdən münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı isə bildirib ki, belə düşünən qadınların hamısında psixoloji problem var:
"Bu qadınlar kişilərlə həmfikir yox, təcavüzkar kişilərlə həmfikir qadınlardır. Çünki bütün kişilər düşünmür ki, qadın psixoloji və fiziki təzyiqə dözməlidir. Sadəcə, təcavüzkar və öz namusunu, şərəfini yalnız qadında görən kişilər belə düşünür. O kişilər hələ cinayət törətməsələr də, potensial cinəytkarlardır və onlar da qadınlarına psixoloji və fiziki şiddət göstərirlər. Bu kişi və qadınların özlərinin çoxu zamanında valideyinləri tərəfindən psixoloji və fiziki şiddət görən şəxslərdir. Onlar üçün belə düşünmək adi haldır”.
Psixoloqun fikrincə, belə düşünənlər mazoxist qadınlardır ki, onlar döyülməyə, söyülməyə normal baxırlar. Onlar psixoloji cəhətdən zəif və acizdirlər.
Fərqanə Mehmanqızı məsələnin din və ya mentalitetlə əlaqəli olmadığını qeyd edib:
"Qadınların bu cür düşünməsinin dinlə heç bir əlaqəsi yoxdur, çünki əsl islam qadın hüquqlarını qoruyur, qız uşaqlarının müdafiəçisidir. O ki qaldı milli mentalitetə, bu zorakılığın onunla da heç bir əlaqəsi yoxdur. Çünki mentalitetdə də qadın ailənin baş tacı, xanımıdır. Milli mentalitetdə qadına çox böyük dəyər verilib. Hətta keçmişimizə baxsaq, böyük qan davalarında belə qadının baş örtüsünü çıxarıb yerə atması ilə dava dayanar, qadın olan yerdə kişilər söyüş söyməz, üzünü çevirərdi. Bu bizim xalqın dəyəridir”.
Psixoloq onu da əlavə edib ki, bu düşüncənin artmasının psixolji problemlərlə əlaqəli olduğunu demək olar. Bundan əlavə, bu mövzuda cinayətlərin artmasına belə deyimlər, belə danışıqlar, insanların sürü psixologiyasına sahib olması daha çox şərait yaradır.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunan "dəyirmi masa"da "Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir", - deyib.
Günay İlqarqızı