Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Neftçi" "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da oynanılan qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 41-ci dəqiqədə Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci yarıda "Neftçi" rəqibin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. 61-ci dəqiqədə kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado "Sabah"ı mərkəzə dəvət edib. 31 yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk matç 1:1 hesabı ilə bitdiyi üçün "Neftçi" yarımfinala adlayıb.
Qarşılaşmanın gedişində qalmaqal baş verib. Belə ki, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub.
Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib.
Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub. "Neftçi"dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək. "Neftçi" yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın edən "Qarabağ" olub. Ağdam komandası növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə qarşılaşacaq.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/aYT6UN1QDak" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">