
Sevinc Çılğın
Siz də tez-tez eşidirsiz, hə, bu cümləni? Özü də restoranlarda. Ofisianta "qaqaş" deyib çağırırıq, sürücüyə "qaqaş, qabaqda saxla", küçədə, ictimai yerlərdə və s. və s. Bizim üçün hamı "qaqaşdır". "Qaqaş" oğlanlara ən çox ləzzət edən tituldu. Çünki hər bir azərbaycanlı kişinin içində potensial bir "qaqaş" var. "Qaqaş" hörmətli, nüfuzlu, avtoritet deməkdi həm də.
Bu yaxınlarda bir şey eşitdim. Ciddi iş yerlərindən birinə yeni işçi alınıb. Təhsilsizdir. İctimai yerlərdə işləməyib. Belə deyim də, hazırda işi sadəcə telefonlarla xidməti maşınları idarə etməkdən ibarətdir. Tanımadığı hörmətli və ziyalı rəhbər işçilərdən biri ona müraciət etməli olub. Yeni gələn: "Qaqaş, gözlə bir dəqiqə həll eləyirəm" cavabı verib. Adam məəttəl-məəttəl baxıb üzünə. "Qaqaş? Qaqaş sənin məhəlləndədir. Burda "qaqaş" olmur!"
Bu məhəllə təfəkkürü çox vaxt bizi tərk eləmir. Nə vaxt, harda olduğumuzu unuduruq bəzən. "Səmimi" olmağa çalışırıq.
Tanımadığımız adamlara müraciətdə birbaşa "sənə" keçirik. Əlli ilin tanışları kimi aparırıq özümüzü. Qarşımızdakının kimliyi, necəliyi, hansı xarakterə, nüfuza sahibliyi bizi maraqlandırmır. İstədiyimiz qəlibə salmağa (yaxud mövcud qəlibdən çıxarmağa) cəhd edirik.
Amma belə olmaz. Müraciət formamız, üslubumuz, münasibətimiz, söhbət mövzumuz qarşımızdakı adamın kimliyi, şəxsiyyəti, xarakteri ilə müəyyənləşməlidir. Hər adamla bir dildə danışmaq düzgün deyil. Mədəni səviyyələrimiz üst-üstə düşməyən adamlarla ehtiyatlı davranmalıyıq. İnsanları uzun-uzadı tanımadan bunu müəyyənləşdirməmiz çətindir. Yalnız illər və ruhi-mədəni yaxınlıq, yaş fərqinin azlığı (həmyaşıdlığımız) "sizdən" "sənə" keçməyə imkan verə bilər. Yaxud qarşımızdakının istəyi və tələbi ilə, həmçinin özünün müraciət üslubu ilə bu, aradan qalxa bilər.
Xanımlarda bu problem bir qədər həll olunmuş sayıla bilər. Müraciət forması olaraq "xanım" deyilir. Ancaq bunu da qəbul etməyənlər var. Məsələn, bu yaxınlarda anamla böyük ticarət mərkəzlərindən birində, anam satıcı qadına "xanım" deyə xitab etdi. Qadın çıldırmış kimi çöndü və anama bozardı: "Nə? Xanım? Xanım sənsən e gəlmisən ərinin puluynan istədiyini almağa! Mən xanım döyüləm! Xanım indi evində divanında oturub, televizora baxır". (Ərinin puluyla e! Yazıq anam. Ömründə bilməyib aaa necə olan şeydi)
Bu da bir xanımın cavabı. Bu sözün üstündən nə deyəsən ki, keçərli olsun. Bu təfəkkür başqa şeydi, onu dəyişmək necə mümkündür - mən bunu bilmirəm. Bu qadına görə "xanım" ancaq evdar olub ər çörəyi yeyənlərə, imkanlı qadınlara deyilə bilər. Bir xanım işləməz. Yaxud işləsə də, satıcı deyil, nəsə böyük bir yerdə işləməlidir.
"Qaqaş, qağa, brat, ay qız, ağəz, ağız, ayzə" və s. və s. Bu xitablar ən yaxınlarımız, doğmalarımız, rəfiqələrimiz, qardaşlarımız, sinif yoldaşlarımıza edilə bilər, ancaq istənilən halda bunlar qulağa xoş gəlməyən sözcüklərdir. Ədəbi-mədəni dildə bunlar yolverilməzdir. Məhəllə üslubudur və biz məhəllə janrından çıxmalıyıq. Yeni və mədəni mərhələyə keçid üçün müraciətimizə, üslubumuza və elementar davranışlarımıza diqqət etməliyik.
/teleqraf.com/