Dünya 12:48 31.10.2022

Qara dəniz donanmasına hücumundan sonra Kreml ABŞ-la danışıqlar aparmağı xahiş edib

Ordusunun Xersonu itirmək ərəfəsində olması və Sevastopolda Qara dəniz donanmasının dron hücumuna məruz qalmasından sonra Rusiya hakimiyyəti Ukraynadakı kampaniyanın dalana dirənməsi ilə danışıqlara başlamaq istəklərinə bir daha işarə edib.

Qaynarinfo-nun məlumatına görə, bazar günü Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin daim danışıqlara hazırdır və Qərb "bunu bilməli, bunu eşitməlidir".

Onun sözlərinə görə, əgər Vaşinqton "dekabr-yanvar vəziyyətinə” qayıtmağa və "həm Brüsselə, həm də Vaşinqtona təqdim edilmiş sənədlər layihəsinə” baxmağa hazır olsa, Putin ABŞ-la danışıqları bərpa edə bilər.

Söhbət Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı sazişlərdən gedir, bu sazişlərdə Kreml 1997-ci ildən sonra bloka üzv olmuş bütün NATO ölkələrindən qüvvə və silahların çıxarılmasını, eləcə də onun şərqə doğru genişlənməsinə son qoyulmasını tələb edir.

Peskovun fikrincə, 8 aylıq müharibədən və ardıcıl məğlubiyyətlərdən, minlərlə qurbandan sonra danışıqlar aparmaq istəyi və kütləvi səfərbərlik qərarı zəiflik əlaməti kimi qiymətləndirilə bilməz.

"Yalnız güclü insan sülh və danışıqlar üçün əlini uzada bilər” deyən Peskov əlavə edib ki, Qərb Rusiyanın dəfələrlə cızdığı və Putinin cümə günü Valday forumunda yenidən qeyd etdiyi "qırmızı xətləri” "görməlidir.”

Demək olar ki, Peskovla eyni vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masası arxasına oturmaq istədiyini açıqlayıb. "Rusiyanın, o cümlədən onun prezidenti Putinin danışıqlara hazırlığı dəyişməz olaraq qalır”, deyə Lavrov Birinci kanalda nümayiş olunan "Dünya faciə astanasında. Karib böhranının dərsləri” filminə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Moskva "bərabərlik prinsipləri"nə əsaslanacaq və "komromis axtarışına" yönələcək "real təklifləri" müzakirə etməyə hazırdır.

Kreml danışıqlar tələbini qlobal ərzaq bazarı üçün təhlükə ilə tamamlamaq qərarına gəlib. Bazar günündən etibarən Rusiya avqustun əvvəlindən 390 gəminin Odessa, Yujnı və Çernomorsk limanlarından 8 milyon ton buğda, qarğıdalı və digər ərzaq məhsulları daşıyan "taxıl müqaviləsi”ni dayandırıb.

Rusiya Müdafiə Nazirliyinin bazar günü keçirdiyi brifinqdə bildirilib ki, dronlardan biri taxıl dəhlizi ilə üzən gəmidən buraxılıb, "GeoConfirmed”in məlumatına görə, gəmi "Admiral Makarov” freqatına hücum edib və "İvan Qolubets” minaaxtaran gəmisini vurub.

Dövlət Departamentinin rəhbəri Entoni Blinken cümə axşamı bildirib ki, qarşıdan gələn G20 sammitində Co Bayden Rusiya prezidenti ilə danışıqlar aparmaq niyyətində deyil.

"Hər hansı real diplomatiya imkanı olsaydı, biz bundan istifadə edərdik. Ancaq hələ ki, belə bir fürsət görmürük”, deyə Blinken bildirib.

Blinken əlavə edib ki, Ukrayna ilə münaqişəni həll etmək üçün Rusiya Kiyevlə danışıq aparmalıdır.

Nizami Bağırov