Xəbər lenti

Qarabağ döyüşçüsü rəsmi dairələrə müraciət etdi: “Bəs, mən nə edim?”
Ölkə14:24 27.03.2014

Qarabağ döyüşçüsü rəsmi dairələrə müraciət etdi: “Bəs, mən nə edim?”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1992-ci ildə Şuşaya könüllü döyüşməyə gedən Yevlax rayon sakini İsayev Yaşar “Yeni Müsavat”a şikayət ərizəsi ilə müraciət edib. Yaşar İsayev vətəni uğrunda könüllü döyüşməsinə baxmayaraq, ona bu ölkədə ailəsini dolandırmaq üçün nə iş verilir, nə də yaşayış üçün yer... 

Yaşar İsayevin şikayət müraciətini diqqətinizə təqdim edirik:

“Mən, İsayev Yaşar İnayət oğlu Yevlax rayon Ağqırax kənd sakiniyəm və 1992-ci il tarixindən könüllü olaraq, Qarabağa döyüşə getmişəm. “Nicat”ın redaksiyasında ictimai müxbir işləyirdim. Şuşa bölgəsində qanlı döyüşlərdə olmuşam. Şuşa şəhərinin işğalından sonra hərbi hissəmiz dağıldı. Nə hərbi biletimi tapıb, ala bildim, nə də veteran vəsiqəmi... Hətta bununla bağlı dəfələrlə şikayət etməyimə baxmayaraq, “Sürət Hüseynovun batalyonusuz” deyərək, bizi hədələdilər. Artıq illərdir ki, yazıb-pozuram, bir nəticə də vermir. Yevlax rayonunun hərbi komissarlığına müraciət etdim. Düz beş il keçib, heç bir nəticə yoxdur. Dəfələrlə poçtla Mehriban Əliyevaya və Qənirə Paşayevaya da məktublar yolladım. Onlar da bir nəticə vermədi. 

Artıq döyüşdüyüm vaxtdan 22 il keçir. Hətta bu gün də televizorda Şuşa döyüşlərinə baxanda, özümü orada görüb, nifrət edirəm ki, mən kimin üçün, nə üçün döyüşmüşəm? Bu gün də hara gedirəm, mənə iş verən də yoxdur. Beş il bundan əvvəl oğlum qara ciyər serrozu ilə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunub. Müalicədən sonra da bir nəticəsi olmadı. Mənə pay verilən torpağımı satıb, onu Sankt-Peterburq şəhərinə müalicəyə apardım. Hələ də oğlumu sağalda bilmirəm. İki ay bundan əvvəl Rusiyadan qayıtmışam. Evim uçulmuşdu deyə onu təmir etdirirəm. Hazırda oğlumun pensiyasını da vermirlər ki, özü gəlməlidir. Onun özünü isə vəziyyəti yaxşı olmadığı üçün həkimlər buraxmır. Mənim də imkanım yoxdur ki, gedim, gətirim. Ailəm on bir nəfərdən ibarətdir. 117 manat olan pensiyamla dolanmağa çalışırdıq. Onu da məcbur olub, kredit götürdüm ki, evi təmir edim. 

Nə uşaqlara, nə də özümə sosial yardım etmirlər. Oğlumun üç körpə uşağı var. 44 manat pensiya alırdı, o da dayandırılıb. Qızım iki körpə övladı ilə mənimlə birgə qalır. Ona da heç bir sosial yardım edilmir. İki aydır ki, evim olmadığı üçün Bakıda, Sədərəkdə yaşayan qohumumun evinə sığınmışıq. Bu iki ayda gəzmədiyim yer qalmadı. Məni işlə təmin edən yoxdur. Görəsən, 11 nəfərdən ibarət olan ailəmi necə dolandıracam? Bu, necə olur ki, döyüşürsən, ancaq veteran vəsiqəsi ala bilmirsən? İş istəyirsən, iş vermirlər. Üzümü tuturam, dövlət işçilərinə, lazımi orqanlara, bəs, mən nə edim?”

Qaynar.info