Xəbər lenti

Günay Yelmarqızı: "Qarabağ" mənim itirdiyim uşaqlıqdır"
İdman08:06 03.06.2019

Günay Yelmarqızı: "Qarabağ" mənim itirdiyim uşaqlıqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnalist və "Ladies of Garabag" fan-klubunun rəhbəri Günay Yelmarqızının Sport7.az saytına müsahibəsi
- Futbola marağınız varmı? Azarkeşlik etdiyiniz komanda hansıdır?
- Futbola marağım var. Uşaq vaxtından baxıram. Atamla bərabər "Neftçi"nin qarşılaşmalarını izləyirdim. "Qarabağ”ı tanıyandan isə bu kluba azarkeşlik edirəm. Mən fanat deyiləm. Ümumiyyətlə, fanatlığı qəbul etmirəm. Sadəcə "Qarabağ"ı sevirəm və imkanım daxilində dəstək oluram. Çünki, "Qarabağ" mənim işğaldakı vətənimdir, Ağdamdır, itirdiyim uşaqlıqdır. Məncə, biz hamımız "Qarabağ”ı sevməli və dəstəkləməliyik. Çünki "Qarabağ”ın Avropa meydanlarında hər çıxışı Avropanın, dünyanın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı etirafı deməkdir. "Qarabağ” təkcə bir futbol klubu deyil, həm də bizim işğal altındakı torpaqlarımızın simvoludur. Odur ki, hər birimiz bu klubu əlimizdən gələn qədər dəstəkləməliyik.
- "Ladies of Garabag" fan-klubu yaratmaq öz ideyanızdı? 
- Mən əvvəllər də - sizə 6-7 il əvvəldən danışıram - belə bir təşəbbüslə - Avroliqanın oyunlarında "Qarabağ”ı stadionda dəstəkləmək ideyası ilə çıxış etmişdim. Sosial şəbəkələrdə belə bir təbliğat aparıb, tanınmış jurnalist həmkarlarımı bir araya toplamışdım. Ondan sonra "Qarabağ”ın oyunları xanımlar arasında daha da populyarlaşmışdı. Elə o vaxtdan deyirdilər ki, bir halda ki, belə fəalsan, "Qarabağ”ı dəstəkləyirsən, xanımlar arasında təbliğ edirsən, o zaman "Qarabağ”ın fan-klubunu da yarada bilərsən. Düzü, o vaxt bir az tənbəllik etdim, amma sonra bu mövzu aktuallaşdı və ani olaraq "Qarabağ” xanımlarının fan-klubunu yaratmaq qərarını verdik. Və 2014-cü ildə hamımızın yaxşı tanıdığı idman jurnalisti Vasif Acalovla birlikdə Fan Club - "Ladies of "Qarabağ”” FC-nı yaratdıq. Məqsədimiz "Qarabağ”ı sevən xanımları ətrafımıza toplayıb, kluba gücümüz daxilində dəstək olmaqdır. Şüarımız da belədir - "Qarabag” üçün bir olaq!
- Azərbaycanda xanımların futbola marağını yaratmaq üçün fan-klub olaraq nə kimi təqdbirlər görürsünüz? 
- Fan-klub ilk gündən xanımların diqqətini çəkdi. Necə üzv olmaqla bağlı müraciətlər oldu. Biz rəsmi deyil, ictimai əsaslarla fəaliyyət göstərən, hər hansı gəliri olmayan bir fan-klubuq. Ona görə də bizə "Qarabağ”ı sevən istənilən xanım qoşula bilər. İlk gündən belə olub. İndi də belədir. Bizim çox aktiv "facebook" səhifəmiz var. Orda əlaqə vasitələrimiz  göstərilib. İstənilən xanım zəng edərək bizə qoşula bilər. Əsas odur, "Qarabağ”ı doğrudan da sevsin və dəstəkləsin. Biz "Qarabağ”ı stadionda dəstəkləmək istəyən xanımlarımızı biletlə təmin edirik. Bu işdə bizə "Qarabağ” rəhbərliyi dəstək olur. Fan-klub yaranandan Tofiq Bəhramov adına Respublika stadionunda 34-cü sektor xanımlara ayrılıb. O sektor demək olar ki, artıq "Ladies of "Qarabağ”ın sektoru kimi tanınır. Hər oyunda bizə yüzlərlə müraciət olur. Təbii ki, biz hər kəsi biletlə təmin etmək imkanına malik deyilik. Ona görə bəzən incikliklər olur. Amma biz üstünlüyü "Qarabağ”ı həqiqətən sevən və dəstəkləyən, yalnız avrokuboklarda, Çempionlar Liqasının oyunlarında yox, daxili çempionatlarda da qarşılaşmalara gələn xanımlara veririk. Çünki onlar hər zaman komandanın yanındadırlar.
Təəssüf ki, bəzi xanımlar yalnız avrokubok oyunlarına gəlir. Bəziləri qardaşına, həyat yoldaşına bilet vermək üçün bizdən istifadə edir. İmtina edəndə də hay-küy salır, bizim haqqımızda mənfi rəy yaratmağa çalışırlar. Açıqlamalar verirlər ki, Günay Yelmarqızı bütün biletləri öz rəfiqələrinə, qohumlarına paylayır. Halbuki belə deyil. Mən işimlə əlaqədar demək olar bir neçə ildir fan-klubun idarəçilik məsuliyyətini Vasif Acalova ötürmüşəm. Bütün əziyyətləri o çəkir. Ona görə mən onun idarəçiliyinə çox qarışmıram. Mən özüm də bileti ondan götürürəm. Bəzən mən hətta mənim üçün ayrılan dəvətnamələri belə xanımlara verirəm, özüm evdə izləyirəm. Vaxtında müraciət edənləri, əsl azarkeşləri biletlə təmin edirik. Biz yaranan gündən "Qarabağ” klubu fan-klubu dəstəkləyib. Burada söhbət hər hansı maddi dəstəkdən getmir. Bizim "Qarabağ”a olan dəstəyimizi yüksək qiymətləndirirlər. Fan-klub yarananda məxsusi olaraq xanımlar üçün tikilmiş formalar hədiyyə etmişdilər bizə. Hər oyunda isə bilet ayırırlar. Biz bunu yüksək qiymətləndiririk və təşəkkür edirik "Qarabağ” rəhbərliyinə.
- Fan-klubla birgə özünüz də oyunları izləmək üçün stadiona gedirsinizmi? 
- Bəli, mən vaxtımın imkan verdiyi qədər "Qarabağ”ın oyunlarına gedirəm. Fan-klubun xanımları ilə birgə izləyirəm qarşılaşmaları. Çünki, stadionda futbol izləməyi sevirəm. Bunun həyəcanı tamam başqa olur. Ancaq xeyli vaxtdır mütəmadi gedə bilmirəm düzü. Son vaxtlar müraciət edən xanımların sayı çox olduğundan bəzən öz biletlərimi də onlara hədiyyə edirəm ki, bizdən inciməsinlər. Ancaq bütün oyunların nəticəsindən xəbərim olur, "Qarabağ”ın bütün uğurlarını yaxından izləyirəm və çox sevinirəm. 
- Ümumiyyətlə, Azərbaycan futbolunun səviyyəsini necə dəyərləndirirsiniz?
- Təəssüf ki, bu sahənin bilicisi olmadığımdan Azərbaycan futbolunun səviyyəsini təhlil etməyi doğru saymıram. Amma problemlər çoxdur.  Bizim futbolda sürət, fiziki, taktiki hazırlıq çatışmır. Düşünürəm ki, Azərbaycan futbolunda məşqçi yox, oyunçu problemi var. Yeni, güclü fubolçular yetişməlidir. Ən azı "Qarabağ” səviyyəsində bir neçə klubumuz olsa, oyunlar daha maraqlı, həyəcanlı olar. Bu zaman bəlkə azarkeşlər də stadionlara daha çox axışar. Niyə məsələn, "Qarabağ” ardıcıl altıncı dəfə ölkə çempionu olmalıdır?. Bu, məni azarkeş kimi çox sevindirir təbii ki. Ancaq "Qarabağ”a layiq güclü rəqib də yetişməlidir. Rəqabət olmalıdır, həyəcan olmalıdır. Olmayanda, futbolçularda da bir rahatlıq yaranır ki, onsuz da biz qalib gələcəyik. Ancaq rəqabət olsa, futbolçular daim pressinqdə olsa, futbolumuz daha da güclənər. Meydançalarımızın güclü futbola, insanları həyəcanlandıran qarşılaşmalara ehtiyacı var. 
- Özünüzü yaşıl meydanda sınamısınızmı?
- Olub bir neçə dəfə. Qapıçı qismində çıxış etmişəm. (Gülür)...
- Xarici klublardan hansı kluba azarkeşlik edirsiniz?
- "Qalatasaray” və "Real"a. "Qalatasaray”ı hələ Hakan Şükür və digər o dövrün futbolçularının dövründən izləyirəm. "Real"ı isə Joze Mourinyoya görə sevmişəm. Amma İspaniya futbolunu da bəyənirəm. Dünya çempionatlarında favoritim həmişə İspaniya yığması olur.
- Ən bəyəndiyiniz futbolçu kimdir?
- "Qarabağ”ın bütün futbolçuları.