"Qarabağ” Avropa Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun komandası İsveç təmsilçisi "Hakken”lə qarşılaşıb. 1:0 hesabı ilə rəqibi məğlubiyyətə uğradan Ağdam təmsilçisi ölkə reytinqinə daha 0,500 əmsal qazandırıb.
Bununla ölkənin cari mövsümdəki əmsalı 3,625-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17,875-dir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.
Baş tutan qarşılaşmalar Çexiya, Ukrayna, Kipr, Slovakiya, Kosovo, Finlandiya və Farer adalarının irəliləməsinə, Norveç, İsrail, İsveç, Rumıniya, Bolqarıstan, İrlandiya, Qazaxıstan, Ermənistan, Latviya, Bosniya və Herseqovinanın geriləməsinə səbəb olub.
Reytinqə 91,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədə qərarlaşıb.
Səbuhi Həsənov